Bakı. Trend:
Sülh və inkişaf dayanıqlı insan inkişafı deməkdir. Azərbaycanın
çoxtərəfliliyin inkişafındakı səyləri, o cümlədən Qoşulmama
Hərəkatına sədrliyi bir daha nümayiş etdirir ki, Azərbaycan bu
baxımdan seçilir.
Trend xəbər
verir ki, bunu UN-Habitat İcraiyyə Şurasının keçmiş katibi və
Hökumətlərarası Əlaqələr Departamentinin rəhbəri Kristian Mensah “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) adlı tədbirdə çıxışında bildirib.
Onun sözlərinə görə, WUF13-də əlaqələndirilmiş və geniş
təmsilçiliyə malik vətəndaş cəmiyyəti təmin edilməlidir.
“İlk dəfədir ki, Şəhərsalma Forumu çərçivəsində qlobal cənub
QHT-ləri birgə tədbir keçirir. Bunun üçün 78 kvadratmetrlik
pavilyon ayrılıb. Bu isə onların qlobal siyasətdə iştirakını təmin
edir və inklüziv şəhərsalma proseslərində QHT-lərin rolunun
artırılması deməkdir.Biz eyni zamanda təmsil olunmayan bölgələri də
unutmamalıyıq. Qlobal cənub və qlobal şimal fərqləndirici
amillərdir. Bəzən ölkələr inkişaf etmiş və inkişaf etməkdə olan
ölkələr kimi bölünür. Bu baxımdan Azərbaycan hansı mövqedə dayanır?
Azərbaycan kifayət qədər inkişaf edib və mühüm əməkdaşlıq
platformasına çevrilib. Hikmət Hacıyevin də qeyd etdiyi kimi,
əməkdaşlıq vacib məsələdir. QHT-lər və vətəndaş cəmiyyəti
institutları proseslərdə aktiv iştirak etməli və geniş şəkildə
təmsil olunmalıdır”.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

