
Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) çərçivəsində “D8 ölkələrinin Yüksək Səviyyəli Enerji və
Urban Dialoqu” adlı tədbir baş tutub.
Trend xəbər
verir ki, tədbirdə Ümumdünya Şəhərsalma Forumunun (WUF13) milli
koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Anar Quliyev, energetika naziri Pərviz Şahbazov, D8 təşkilatının
Baş katibi, səfir Sohail Mahmood, eləcə də müxtəlif ölkələrdən olan
yüksəkvəzifəli rəsmilər iştirak edərək çıxışlar ediblər.
Çıxışlarda bildirilib ki, Azərbaycanın WUF13-ə uğurla ev
sahibliyi etməsi COP29-dan sonra ölkənin növbəti mühüm beynəlxalq
uğurlarından biridir və bu, Azərbaycanın qlobal şəhərsalma, iqlim
və dayanıqlı inkişaf gündəliyində artan rolunu nümayiş etdirir.
Tədbir çərçivəsində urbanizasiya, enerji təhlükəsizliyi, iqlim
dəyişiklikləri, yaşıl enerji keçidi və dayanıqlı şəhər inkişafı ilə
bağlı aktual məsələlər geniş müzakirə olunub.
Qeyd edilib ki, hazırda şəhərlər qlobal enerji istehlakının və
istixana qazı emissiyalarının böyük hissəsini formalaşdırdığı üçün
enerji siyasəti ilə şəhərsalma strategiyalarının uzlaşdırılması
xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan yaşıl şəhərlər, enerji
səmərəli binalar, ağıllı nəqliyyat sistemləri və bərpa olunan
enerji infrastrukturlarının inkişafı əsas prioritetlərdən biri kimi
qiymətləndirilib.
Çıxış edən rəsmilər Azərbaycanın yaşıl enerji strategiyası və
dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi layihələrə
də toxunublar.
Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma və
bərpa işlərinin “yaşıl enerji zonası” və “ağıllı şəhər”
konsepsiyası əsasında həyata keçirildiyi vurğulanıb. Bildirilib ki,
həmin ərazilərdə bərpa olunan enerji mənbələri, rəqəmsal idarəetmə
sistemləri, ekoloji nəqliyyat infrastrukturu və enerji səmərəli
yaşayış məntəqələrinin yaradılması istiqamətində genişmiqyaslı
layihələr icra olunur.
Tədbirdə həmçinin D8 ölkələri arasında enerji səmərəliliyi,
təmiz texnologiyalar, dayanıqlı mənzil siyasəti və iqlim
dayanıqlılığı sahələrində əməkdaşlığın gücləndirilməsinin vacibliyi
qeyd olunub. Bakı şəhərində yaradılması nəzərdə tutulan D8 Enerji
və İqlim Mərkəzinin regional əməkdaşlıq və təcrübə mübadiləsi üçün
mühüm platforma rolunu oynaya biləcəyi diqqətə çatdırılıb.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.
Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.
“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.
Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

