
Bakı. Trend:
Bakı daha bir dəfə qlobal gündəliyin əsas ünvanına çevrildi.
Mayın 18-də paytaxtda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasının (WUF13) rəsmi açılış mərasimi keçirildi və bununla
Azərbaycan təkcə daha bir beynəlxalq tədbirə ev sahibliyi etmədi,
həm də özünü urbanizasiya, dayanıqlı inkişaf və şəhərsalma
gündəliyinin müzakirə olunduğu qlobal platformanın mərkəzi kimi
təqdim etdi.
Bunu Trend-ə
politoloq Azər Qarayev deyib.
“Əslində, WUF13-ün Bakıda keçirilməsi təsadüfi seçim deyil. Son
illər Azərbaycan beynəlxalq tədbirlərin təşkili sahəsində
formalaşdırdığı təcrübə, siyasi sabitlik, təhlükəsizlik mühiti və
yüksək səviyyəli infrastruktur imkanları ilə etibarlı tərəfdaş
imicini möhkəmləndirib. COP29 kimi nəhəng qlobal tədbirə ev
sahibliyi etmiş, illərdir Formula 1 Azərbaycan Qran-Prisini yüksək
səviyyədə təşkil edən Bakı artıq böyük tədbirlərin keçirilməsi
baxımından özünü sübut etmiş şəhərlər sırasında dayanır. Prezident
İlham Əliyevin WUF13-ün açılış mərasimində dediyi kimi, forum
COP29-dan sonra Azərbaycanın ev sahibliyi etdiyi ikinci ən böyük
beynəlxalq tədbirdir. Dövlət başçısı xüsusi vurğuladı ki, forum
rekord sayda iştirakçı ilə yadda qalır: “Bu səhər mənə verilən
məlumata görə, 182 ölkədən 45 mindən artıq qeydiyyata alınmış
iştirakçımız var. Bununla belə, bu, ilyarım əvvəl Azərbaycanda
keçirilmiş COP29-dan sonra ikinci ən böyük beynəlxalq tədbirdir”.
Bu rəqəmlər təkcə tədbirin miqyasını deyil, həm də Bakının artan
beynəlxalq cəlbediciliyini göstərir. Bir vaxtlar əsasən regional
mərkəz kimi qəbul olunan Azərbaycan paytaxtı bu gün qlobal siyasi,
iqtisadi və humanitar gündəliyin formalaşdığı məkanlardan birinə
çevrilib”, – o bildirib.
Onun sözlərinə görə, WUF13-ün açılış mərasimi də bu mənada
Azərbaycanın təşkilatçılıq bacarığının nümayişi oldu.
“Dövlət və hökumət başçılarının, beynəlxalq təşkilat
rəhbərlərinin, şəhərsalma və urbanizasiya üzrə ekspertlərin
iştirakı ilə keçirilən tədbir yüksək səviyyədə təşkil edildi.
Açılış çərçivəsində mədəni proqramın təqdim olunması, Azərbaycanın
tarixi və müasir inkişafını əks etdirən videoçarxların nümayişi
forum iştirakçılarına ölkə haqqında daha geniş təsəvvür
formalaşdırdı. Bakının bu cür tədbirləri uğurla keçirmək bacarığı
artıq uzun illərin təcrübəsinə əsaslanır. Formula 1 yarışları
zamanı dünyanın diqqətini üzərinə çəkən paytaxt, Avropa Oyunları,
İslam Həmrəyliyi Oyunları, Qoşulmama Hərəkatının Zirvə Görüşü,
COP29 və digər beynəlxalq tədbirlər zamanı logistika, təhlükəsizlik
və təşkilati imkanlarını dəfələrlə nümayiş etdirib. Bu baxımdan
WUF13 Azərbaycanın artıq formalaşmış beynəlxalq reputasiyasının
növbəti təsdiqi kimi qiymətləndirilə bilər. Prezident İlham
Əliyevin forum çərçivəsindəki çıxışı isə təkcə tədbirin açılış
nitqi deyil, həm də Azərbaycanın şəhərsalma fəlsəfəsinin təqdimatı
oldu. Dövlət başçısı Bakının qədim tarixlə modern inkişafın
vəhdətini əks etdirdiyini xüsusi vurğuladı:
“Əgər siz Bakıda İçərişəhərin qədim divarları arasında gəzsəniz,
sonra bircə küçəni keçsəniz, özünüzü tamamilə müasir mühitdə hiss
edəcəksiniz”. Bu fikir əslində son illərdə Bakının inkişaf
modelinin qısa ifadəsi sayıla bilər”, – o bildirib.
A.Qarayev əlavə edib ki, bir tərəfdən tarixi irsin qorunması,
digər tərəfdən isə müasir urbanizasiya standartlarına uyğun inkişaf
– Azərbaycanın şəhərsalma siyasətində əsas prioritetlərdən biri
kimi təqdim olunur. İçərişəhərdən Ağ Şəhərə, yenilənmiş bulvardan
müasir nəqliyyat infrastrukturuna qədər Bakı həm tarixi kimliyini
qorumağa, həm də çağdaş meqapolis modelinə uyğunlaşmağa
çalışır.
“Prezident İlham Əliyevin çıxışında xüsusi yer tutan
məsələlərdən biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən
genişmiqyaslı yenidənqurma prosesi oldu. WUF13 kimi beynəlxalq
platformada Azərbaycanın postmünaqişə dövründə gördüyü işlərin
təqdim edilməsi mühüm siyasi mesaj kimi diqqət çəkdi. Dövlət
başçısı işğal illərində Ağdamın beynəlxalq müşahidəçilər tərəfindən
“Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq, hazırda həyata
keçirilən Böyük Qayıdış proqramından danışdı. Prezident İlham
Əliyev bildirdi ki, son beş ildə bölgədə 70 kilometr tunel çəkilib,
500 körpüdən 435-i inşa olunub, elektrik stansiyaları, məktəblər,
xəstəxanalar, dəmir yolları və üç beynəlxalq hava limanı tikilib.
Dövlət başçısının sözlərinə görə, hazırda 85 mindən çox
azərbaycanlı keçmiş məcburi köçkün olaraq öz doğma torpaqlarında
yaşayır, işləyir və təhsil alır. Bu mesaj təsadüfi deyildi.
Azərbaycan WUF13 platformasından istifadə edərək, şəhərsalma
məsələsində yalnız nəzəri baxışlar təqdim etmədiyini, eyni zamanda,
praktiki və genişmiqyaslı bərpa təcrübəsinə malik olduğunu
göstərməyə çalışdı. Qarabağdakı “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları, müasir planlaşdırma yanaşmaları urbanizasiya
sahəsində Azərbaycanın öz modelini yaratmaq niyyətindən xəbər
verir”, – o bildirib.
Politoloq qeyd edib ki, forumun siyasi-diplomatik tərəfi də
diqqətdən kənarda qalmadı.
“WUF13 çərçivəsində Bakıya müxtəlif ölkələrdən dövlət və hökumət
başçıları, yüksək səviyyəli nümayəndə heyətləri gəldi. Prezident
İlham Əliyevin keçirdiyi çoxsaylı görüşlər forumun təkcə şəhərsalma
platforması deyil, eyni zamanda, mühüm diplomatik məkan rolunu
oynadığını göstərdi. Serbiya Prezidenti Aleksandar Vuçiç,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Gürcüstanın Baş naziri
İrakli Kobaxidze, Bolqarıstan Prezidenti İliyana Yotova, Çin Xalq
Respublikası Dövlət Şurası Baş nazirinin müavini Can Quoçin və
digərləri ilə keçirilən görüşlərdə həm WUF13-ün əhəmiyyəti
vurğulandı, həm də ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri
müzakirə edildi. Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki,
forum iştirakçılarının böyük əksəriyyəti Bakıda keçirilən tədbirin
yüksək səviyyədə təşkilini vurğulayaraq Prezident İlham Əliyevi
təbrik etdilər. Bu isə Azərbaycanın artıq qlobal tədbirlərin
təşkilatçısı kimi formalaşmış nüfuzunun beynəlxalq səviyyədə qəbul
olunduğunu göstərir”, – A.Qarayev bildirib.
Onun sözlərinə görə, WUF13 bir daha nümayiş etdirdi ki, Bakı
artıq yalnız coğrafi baxımdan Avropa ilə Asiyanın qovşağında
yerləşən şəhər deyil. Paytaxt həm də siyasi dialoqun, qlobal
çağırışların müzakirəsinin və beynəlxalq əməkdaşlığın vacib
platformalarından birinə çevrilib.
“Prezident İlham Əliyevin çıxışında səsləndirdiyi bir fikir isə
forumun ümumi fəlsəfəsini ifadə edirdi: “Biz inkişafda,
insanlarımız üçün daha yaxşı şəraitin yaradılmasında, müasirləşmədə
cəsur olmalıyıq. Lakin eyni zamanda, tarixi irsimizin qorunmasına
gəldikdə, çox ehtiyatlı olmalıyıq”. Məhz bu yanaşma Azərbaycanın
son illərdə həyata keçirdiyi inkişaf modelinin əsas mahiyyətini
göstərir: modernləşmə və milli kimliyin qorunması arasında balans
yaratmaq.
WUF13-ün Bakıda keçirilməsi yalnız bir neçə günlük beynəlxalq
tədbir kimi qiymətləndirilə bilməz. Bu forum Azərbaycanın
beynəlxalq imicinin gücləndirilməsi, şəhərsalma və dayanıqlı
inkişaf sahəsində təcrübəsinin təqdim olunması, eyni zamanda,
ölkənin diplomatik nüfuzunun daha da möhkəmləndirilməsi baxımından
mühüm hadisədir. Bir daha aydın görünür ki, Bakı böyük tədbirlərə
ev sahibliyini yüksək peşəkarlıq və strateji baxışla həyata
keçirir. COP29-dan WUF13-ə uzanan yol isə Azərbaycanın qlobal
səviyyədə artan rolunun növbəti təsdiqidir”, – politoloq əlavə
edib.

