WUF13 çərçivəsində D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində
Energetika Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi və D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının birgə
təşkilatçılığı ilə “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma
Dialoqu” keçirilib.

Bu barədə Trend-ə Energetika Nazirliyindən məlumat verilib.

“D-8 regionunda dayanıqlı şəhərlərin enerji ilə təmin edilməsi:
enerji keçidlərinin şəhərsalma gündəlikləri ilə uyğunlaşdırılması”
mövzusuna həsr olunmuş tədbirdə çıxış edən energetika naziri Pərviz
Şahbazov bildirib ki, şəhərlər hazırda qlobal enerji istehlakının
təxminən 70 faizini və emissiyaların əsas hissəsini formalaşdırır.
Nazir vurğulayıb ki, bu reallıq D-8 ölkələri üçün şəhərlərin bərpa
olunan enerji, enerji səmərəliliyi və aşağı karbon həlləri əsasında
inkişafını zəruri edir. Qeyd olunub ki, artan urbanizasiya, enerji
təhlükəsizliyi və iqlim dəyişiklikləri çağırışları fonunda yaşıl və
ağıllı şəhərlər artıq yalnız inkişaf modeli deyil, həm də enerji
keçidinin əsas hərəkətverici qüvvəsinə çevrilir.

Bildirilib ki, Azərbaycan “yaşıl enerji” gündəliyini strateji
inkişaf prioriteti kimi irəli apararaq genişmiqyaslı bərpa olunan
enerji və regional enerji dəhlizləri layihələri həyata keçirir,
“yaşıl enerji zonası” təşəbbüslərini reallaşdırır, enerji
səmərəliliyini artırır və elektrik şəbəkələrinin modernləşdirilməsi
istiqamətində mühüm addımlar atır. Gələn il ümumi gücü 2 QVt olan
12 günəş və külək elektrik stansiyasının istismara verilməsi başa
çatacaq. Bunun nəticəsində ildə təxminən 2,4 milyon ton istixana
qazı emissiyasının qarşısı alınacaq.




Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
təşəbbüsü ilə “yaşıl enerji zonası” elan edilmiş Qarabağ və Şərqi
Zəngəzurda ağıllı kənd və şəhər konsepsiyası əsasında həyata
keçirilən quruculuq işlərinin müasir inkişaf siyasətinin parlaq
nümunəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu ərazilərdə
binalarda günəş panelləri, enerji səmərəli həllər və elektrik
doldurma infrastrukturu tətbiq olunur. Eyni zamanda, 2030-cu ilədək
tikilməsi planlaşdırılan 1650 MVt gücündə bərpa olunan enerji
stansiyaları hesabına ildə təxminən 2 milyon ton istixana qazı
emissiyasının azaldılması nəzərdə tutulur.

Qeyd edilib ki, ölkənin digər regionlarında da tətbiq olunan bu
müasir şəhərsalma modeli D-8 ölkələri üçün də uğurlu təcrübə ola
bilər. İnteqrasiya olunmuş yanaşma ilə həm təmiz və səmərəli enerji
təchizatını yaxşılaşdırmaq, həm də şəhərləri daha dayanıqlı
məkanlara çevirmək mümkündür.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev,
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Sohail Mahmudun
açılış nitqlərindən sonra tədbir D-8 ölkələrinin nazir və nazir
müavinlərinin çıxışları ilə davam edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir