Gənclərin WUF13-də iştirakı onlar üçün yeni imkanlar açır – Samir Bəqain

Baş səhifə

Bakı.Trend:

Gənclərin WUF13-də iştirakı onlar üçün yeni imkanlar açır və bu
sahədə peşə seçiminə ilham verir.

Trend xəbər verir
ki, bunu Böyük Britaniyanın Kral Şəhərsalma İnstitutunun
vitse-prezidenti Samir Bəqain Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Ağ Şəhər pavilyonu
tərəfindən təşkil olunan tədbirdə çıxışı zamanı bildirib.

“Sağlam şəhər mühiti ilə maraqlanan bu qədər çox gənci görmək
sahəmiz üçün böyük stimuldur. Yaxın Şərq və Avropanın bəzi
ölkələrində gənclər tikinti və şəhərsalma sahəsini karyera yolu
kimi nəzərdən keçirmirlər. Gənclərin forumda iştirakı onlar üçün
yeni imkanlar açır və bu sahədə peşə seçiminə ilham verir”, — deyə
Bəqain qeyd edib.

O əlavə edib ki, gənclərin bu gün proseslərə cəlb olunması 10–20
ildən sonra urbanistika sahəsində çalışacaq gələcək mütəxəssislərin
formalaşmasına təsir göstərə bilər:

“Hesab edirəm ki, əsas məqsədlərimizdən biri gənclərin cəlb
edilməsidir və Azərbaycan onları şəhər mühitinin planlaşdırılması
və inkişafı proseslərinə cəlb etmək baxımından çox uğurlu iş görüb.
Ümid edirəm ki, bu, gələcəkdə bu sahədə karyera seçən
mütəxəssislərin sayının artımında öz əksini tapacaq”.

Bəqain vurğulayıb ki, bu cür təşəbbüslər şəhərlərin uzunmüddətli
inkişafına, həmçinin gələcək nəsillər üçün dayanıqlı və komfortlu
mühitin formalaşdırılmasına töhfə verir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı
çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən
aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı
tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya
gətirir.

“Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məntəqələri” mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif
ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri
və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar
formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll
yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün
bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin
interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli
müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin
yerli təcrübəyə əsaslanmasını təmin edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir