
Bakı. Trend:
Özbəkistanın Buxara şəhəri irsindən və yaradıcı sənayesindən
davamlı şəhər inkişafının hərəkətverici qüvvəsi kimi istifadə
edərək, Mərkəzi Asiyanın aparıcı mədəniyyət və turizm
mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir.
Trend-in
məlumatına görə, bunu Buxara qubernatorunun müavini və Şəhər
İnvestisiya, Sənaye və Ticarət Departamentinin rəhbəri Şərofəddin
Hüseynov Bakıda keçirilən WUF13-də “UNESCO-nun Yaradıcı Şəhərləri
və Davamlı Şəhər İnkişafı” panel sessiyasında çıxış edərkən
bildirib.
O, inklüziv və davamlı şəhər inkişafının vacibliyini
vurğulayaraq, şəhərlər və beynəlxalq tərəfdaşlar arasında dialoq
üçün platforma təmin etdiklərinə görə forum təşkilatçılarına
təşəkkürünü bildirib.
“Bakıda keçirilən Dünya Şəhər Forumunda belə yüksək səviyyədə
çıxış etmək mənim üçün böyük şərəfdir. Buxara şəhər
administrasiyası adından dünya liderlərini və davamlı, inklüziv və
dayanıqlı inkişafa sadiq olan şəhərləri bir araya gətirən bu vacib
platforma üçün təşkilatçılara səmimi təşəkkürümü bildirmək
istəyirəm”, – deyə o bildirib.
Şəhərini təqdim edən Şərofiddin Hüseynov xatırladıb ki, Buxara
2500 ildən çox tarixi olan Orta Asiyanın ən qədim şəhərlərindən
biridir və Şərqlə Qərbi tarixən birləşdirən və mədəni, elmi və
mənəvi mübadiləni təşviq edən Böyük İpək Yolunda mühüm bir
mərkəzdir.
O, qeyd edib ki, bu gün şəhər rəsmi olaraq sənətkarlıq və xalq
sənəti sahəsində UNESCO-nun Yaradıcı Şəhəri kimi tanınır (2023-cü
ildən) və dünyanın yüzlərlə şəhərini birləşdirən UNESCO-nun
Yaradıcı Şəhərlər Şəbəkəsinin bir hissəsidir.
Onun sözlərinə görə, Buxara qızıl tikmə, keramika, zərgərlik və
ağac oyma kimi unikal ənənələri ilə tanınır və burada sənətkarlıq
şəhərin canlı mədəni kimliyinin ayrılmaz hissəsi olaraq qalır.
O, son illərdə Buxaradakı mədəniyyətin, o cümlədən ilk Buxara
Biennalesi “Qırılmış Ürəklər üçün Reseptlər” kimi genişmiqyaslı
mədəni təşəbbüslərin həyata keçirilməsinin davamlı şəhər inkişafı
üçün əsas vasitəyə çevrildiyini vurğulayıb.
“Biennale 39 ölkədən 200-dən çox iştirakçını bir araya gətirərək
qida, şəfa, itki və insan əlaqəsi mövzularında müasir əsərlər
təqdim etdi. UNESCO-nun Ümumdünya İrsi ərazilərində 70-dən çox
müasir incəsənət əsəri quraşdırılaraq tarixi şəhəri canlı mədəni
platformaya çevirdi”, – deyə o qeyd edib.
O, əlavə edib ki, layihə mədəniyyətin tarixi mühiti məhv etmədən
şəhər bərpası üçün güclü bir vasitə kimi çıxış edə biləcəyini,
əksinə onun əhəmiyyətini və aktuallığını artırdığını nümayiş
etdirib.
“Bu yanaşma mədəniyyətin yalnız irsi qorumaqla deyil, həm də
davamlı şəhər inkişafı üçün praktik bir vasitə olduğunu açıq
şəkildə göstərir”, – deyə Hüseynov vurğuladyıb.
Onun sözlərinə görə, Biennalenin təsiri əhəmiyyətli idi: tədbir
təxminən 3,1 milyon ziyarətçini, o cümlədən 770.000-dən çox
beynəlxalq qonaq cəlb etdi, turizm sifarişlərini 300%-dən çox
artırdı və təxminən 210 milyon dollar turizm gəliri əldə edib.
O, həmçinin qeyd edib ki, layihə gənclər üçün mədəni məkanlara,
təhsil forumlarına, ustad dərslərinə və yaradıcı seminarlara pulsuz
giriş təmin edib və miqrasiya, qloballaşma və sosial dayanıqlılıq
da daxil olmaqla müasir sosial problemləri müzakirə etmək üçün
platforma rolunu oynayıb.
O, həmçinin vurğulayıb ki, Buxara mədəni diplomatiya və yaradıcı
əməkdaşlığı inkişaf etdirməklə beynəlxalq mədəni xəritədəki rolunu
gücləndirir və 2027-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər İllik
Konfransına ev sahibliyi etmək imkanı da daxil olmaqla, yeni böyük
beynəlxalq tədbirlərə hazırlaşır.
Sonda o, şəhərin yüzlərlə yaşayış yeri və minlərlə sənətkar da
daxil olmaqla yaxşı inkişaf etmiş turizm infrastrukturuna malik
olduğunu və turizm və sənaye gəlirlərində davamlı artım nümayiş
etdirdiyini, Buxaranın regionun əsas mədəniyyət və turizm
mərkəzlərindən biri kimi statusunu təsdiqlədiyini qeyd edib.

