WUF13 çərçivəsində gənclərin şəhərsalma və dekolonizasiya proseslərində roluna dair konfrans keçirilir

Baş səhifə

Bakı.Trend:

Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində “Dekolonizasiya prosesində gənclərin şəhərsalmada
oynadığı rol” mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend xəbər verir
ki, tədbir Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil olunub və
təşkilatın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrinin gənc
nümayəndələri tərəfindən yaradılmış Qlobal Cənub Gənclər
Platformasının ilk beynəlxalq görüşü olacaq.

Sessiya çərçivəsində iştirakçılar müstəmləkəçilik və
neomüstəmləkəçiliyin nəticələrinin aradan qaldırılmasında gənclərin
rolunu, həmçinin Qlobal Cənub ölkələrinin nümayəndələri arasında
beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə
edəcəklər.

Konfransda müxtəlif regionlardan olan gənclər təşkilatları
arasında koordinasiyanın gücləndirilməsi, azlıqlara qarşı
ayrı-seçkilik və insan hüquqlarının pozulması halları barədə
məlumatlılığın artırılması, eləcə də bu sahədə praktiki beynəlxalq
təşəbbüslərin təşviqi məsələlərinə baxılacaq.

Tədbirdə hazırkı və keçmiş müstəmləkələrdən olan, Qlobal Cənub
Gənclər Platforması üzvləri də daxil olmaqla 22 ölkənin
nümayəndələrinin iştirakı gözlənilir. İştirakçılar arasında gənc
tədqiqatçılar, beynəlxalq hüquq üzrə mütəxəssislər, səhiyyə
sahəsinin nümayəndələri, gənclik liderləri, müstəqilliyi müdafiə
edən siyasi partiya və təşkilatların nümayəndələri, eləcə də
universitet tələbələri yer alırlar.

Konfransda ilk dəfə olaraq BMT-nin Gənclər Ofisi (United Nations
Youth Office) də iştirak edir.

Müzakirələrin yekununda beynəlxalq gənclər həmrəyliyinin
inkişafına, dekolonizasiya və insan hüquqlarının müdafiəsi
sahəsində birgə fəaliyyətin səmərəliliyinin artırılmasına yönəlmiş
təklif və tövsiyələrin irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.




Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Xəbər yenilənəcək

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir