Horadiz-Ağbənd avtomobil yolu artıq yekunlaşmaq üzrədir – Xüsusi nümayəndə

Baş səhifə

Bakı. Trend:

Horadiz-Ağbənd avtomobil yolu artıq yekunlaşmaq üzrədir.

Trend xəbər
verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan
rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi
Vahid Hacıyev WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında
deyib.

“Horadiz-Ağbənd avtomobil yolu artıq yekunlaşmaq üzrədir. Digər
tərəfdən dəmir yolu xətti də yekunlaşmaq üzrədir. İranla sərhəddə
inşa edilən körpü də yekunlaşır. Bu, nəinki işğaldan azad olunmuş
ərazilər, ümumilikdə regiona böyük töhfə verəcək”, – o
bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.




Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir