Azərbaycanla Keniya arasında anlaşma memorandumu imzalanıb

Baş səhifə

Bakı. Trend:

WUF13 çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai
İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və
dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir
ki, sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və
Keniya Respublikasının torpaq, ictimai işlər, mənzil və şəhərsalma
naziri Elis Vahome imzalayıblar.

Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması,
dayanıqlı urbanizasiya, memarlıq, mənzil siyasəti və müasir şəhər
inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın
genişləndirilməsinə yönəlib. Sənəd, həmçinin torpaq istifadəsi və
şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı
şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və
platformalarda əməkdaşlığı nəzərdə tutur.

Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi
planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı
sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə
və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını
təsdiqləyir.

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı
fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki
bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.

Səfər çərçivəsində Keniya nümayəndə heyəti WUF13 Urban Expo
sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub.
Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata
keçirdiyi müasir yanaşmalar, işğaldan azad olunmuş ərazilərdə Böyük
Qayıdış proqramı çərçivəsində aparılan bərpa layihələri, “Ağıllı
şəhər” və “Ağıllı kənd” həlləri, eləcə də mədəni irsin qorunmasına
yönəlmiş təşəbbüslər nümayiş etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir