
Bakı. Trend:
Azərbaycanda ağıllı və dayanıqlı şəhər inkişafı yalnız daha
keyfiyyətli yaşayış mühitinin yaradılması deyil, həm də
investisiya, ticarət, innovasiya və regional bağlantılar üçün yeni
imkanlar yaradır.
Trend xəbər verir ki, bunu İxracın və İnvestisiyaların Təşviqi
Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Yusif
Abdullayev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası (WUF13) çərçivəsində “Tətbiqdə şəhər dəyər zənciri:
Azərbaycanda ağıllı və dayanıqlı şəhər layihələrinin həyata
keçirilməsi” mövzusunda tədbirdə deyib.
O bildirib ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi
(AZPROMO) İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərir
və əsas məqsədi ölkəyə birbaşa xarici investisiyaların cəlb
olunması, eləcə də yerli ixracatçıların xarici bazarlara çıxışına
dəstək verməkdir.
“Əsas prioritetimiz qeyri-neft və qaz ixracının təşviqidir. Bu
istiqamətdə “Made in Azerbaijan” brendi altında bir sıra dəstək
mexanizmləri həyata keçirmişik”, – deyə o vurğulayıb.
Y.Abdullayev qeyd edib ki, bu ildən etibarən yeni dəstək
mexanizmlərinin tətbiqi planlaşdırılır.
“Əsas mexanizmlərdən biri logistika subsidiyasıdır. İxracatçılar
məhsullarını xaricə göndərərkən onların logistika xərclərinin 75
faizədək hissəsini dəstəkləməyi planlaşdırırıq”, – deyə o əlavə
edib.
AZPROMO rəhbəri bildirib ki, dayanıqlı şəhərlərin
formalaşdırılması üçün rəqabətqabiliyyətli təchizatçılar, müasir
tikinti həlləri, logistika imkanları və özəl sektorun fəal iştirakı
vacibdir.
“Şirkətlərimizin beynəlxalq bazarlara çıxışını dəstəkləməklə,
ölkə daxilində şəhər transformasiyasını dəstəkləyən ekosistemi də
gücləndirmiş oluruq”, – deyə o qeyd edib.
Y.Abdullayev xatırladıb ki, AZPROMO beynəlxalq biznes
platformalarının təşkili və investisiya imkanlarının təşviqi
istiqamətində də fəal işləyir.
Onun sözlərinə görə, COP29 çərçivəsində təşkil olunan Biznes,
İnvestisiya və Filantropiya İqlim Platforması buna nümunədir.
“Həmin platforma 70-dən çox ölkədən 1000-dən artıq iştirakçını
bir araya gətirdi və iqlim yönümlü investisiya tərəfdaşlıqları üçün
mühüm zəmin yaratdı”, – deyə o bildirib.
O əlavə edib ki, WUF13 də bu dialoqun inkişafı üçün mühüm
platformadır.
Y.Abdullayev qeyd edib ki, yaxın zamanda AZPROMO tərəfindən Bakı
Şəhər Həftəsi çərçivəsində “Şəhərlərdən sərhədsiz ticarətə: İxrac
və logistika forumu” təşkil olunub.
“Forum şəhərlərin ixrac, logistika və iqtisadi bağlantıların
əsas hərəkətverici qüvvəsinə çevrilən rolunu müzakirə etməyə imkan
yaratdı”, – deyə o bildirib.
AZPROMO rəhbəri vurğulayıb ki, müasir şəhər layihələri artıq
iqtisadiyyatdan ayrı düşünülmür.
“Bu layihələr dəyər zəncirlərini formalaşdırır, yeni ticarət
marşrutları açır, investisiyaları cəlb edir və biznes icmaları üçün
yeni imkanlar yaradır”, – deyə o qeyd edib.
Y.Abdullayev əlavə edib ki, ötən ilin sentyabrında ilk
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu təşkil olunub və bu
platformanın ikinci buraxılışının cari ilin 25-26 sentyabr
tarixlərində keçirilməsi planlaşdırılır.
“Bu platforma artıq Azərbaycana nüfuzlu beynəlxalq iştirakçıları
cəlb edən qlobal təşəbbüsə çevrilməkdədir”, – deyə o
vurğulayıb.
Sonda o bildirib ki, ağıllı və dayanıqlı şəhər inkişafı ortaq
məsuliyyətdir.
“Hökumətlər strateji baxışı və uyğun mühiti formalaşdırır,
investorlar kapital və təcrübə gətirir, biznes isə həllər təqdim
edir. Beynəlxalq platformalar isə bütün bu tərəfləri bir araya
gətirir”, – deyə Y.Abdullayev əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

