Panamada hazırda kanat yolu inşa edilir ki, yollarda tıxacın qarşısı alınsın – Nazir

Baş səhifə

Bakı.Trend:

Panama Mərkəzi Amerikanın kiçik ölkəsidir və ciddi mənzil
çatışmazlığı ilə üzləşir. Əgər buna kəmiyyət baxımından yanaşsaq,
bu, əhalimizin təxminən 5 faizini əhatə edir. Amma keyfiyyət
baxımından baxsaq, artıq mənzil ehtiyacları 10 faizə çatır.

Trend xəbər
verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində keçirilən İki region, bir gündəm: inklüziv şəhər
yenilənməsi üçün dərslər adlı panel müzakirəsində Panamanın Mənzil
və Ərazi Planlaşdırılması naziri Jaime Giovanelli deyib.

Nazir qeyd edib ki, hazırda ölkəsində tikilən yaşayış
kompleksləri sosial infrastrukturdan məhrum qalır: “Yəni mənzil
layihələri var, amma onların yanında içməli su, nəqliyyat, yol
infrastrukturu, enerji, səhiyyə və təhsil kimi əsas xidmətlər
yoxdur. Buna görə də dövlət indi əlavə səy göstərməlidir ki, əsas
xidmətləri təqdim etməli olan qurumlar yaşayış layihələrinin
inkişafından əvvəl hərəkət etsinlər və ailələrin həyat keyfiyyətini
təmin etsinlər”.

J. Giovanelli bildirib ki, Panamada kanat yolu inşa edilir ki,
yollarda tıxacın qarşısı alınsın.

“Digər mühüm məqsədimiz isə Panama Respublikasının Atlantik
sahilində yerləşən Kolon şəhərinin bərpasıdır. Kolon üçün
genişmiqyaslı bərpa planı hazırlanıb. Əvvəlki təcrübələrdən fərqli
olaraq, bu dəfə işə infrastrukturdan başlanılır. Dövlətin
resursları məhdud olsa da, böyük səylərlə çalışırıq ki,
infrastruktur yatırımları tələbdən əvvəl həyata keçirilsin”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.




Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir