Hazırda Kubada enerji sahəsində güclü siyasət həyata keçirilir – Antonio Fuervelo

Baş səhifə

Bakı.Trend:

Kubada yeni şəhər strukturunun tətbiqi üçün dövlət planı
mövcuddur. Bu plan səkkiz strateji istiqamətdən ibarətdir və
dövlət, əyalət və bələdiyyə səviyyəsində şəhərlərin kompleks
inkişafına imkan yaradır.

Trend xəbər
verir ki, bu fikirləri Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində keçirilən İki region, bir gündəm: inklüziv şəhər
yenilənməsi üçün dərslər adlı panel müzakirəsində Kubanın Milli
Ərazi Planlaşdırılması İnstitutunun vitse prezidenti cənab Antonio
Fuervelo deyib.

O bildirib ki, əsas alətlərdən biri isə Milli Ərazi və
Şəhərsalma Sxemidir:

“Ölkə səviyyəsindən başlayaraq əyalət və bələdiyyə səviyyəsinə
qədər hər birinin öz ərazi və şəhərsalma planı var və şəhərlərin
urbanizasiya prosesi bu planlar vasitəsilə idarə olunur. Bu planlar
dövlət tərəfindən idarə olunan və əyalətlərlə bələdiyyələr
tərəfindən icra edilən digər dövlət proqramları ilə də
əlaqələndirilir”.

Məsələn, “Həyat Tapşırığı” adlı dövlət proqramı iqlim
dəyişiklikləri ilə mübarizəyə yönəlib. Bu proqram vasitəsilə daha
həssas şəhərlərə üstünlük verilir və fövqəladə hallar və təbii
fəlakətlər zamanı Mülki Müdafiə qərargahı ilə birlikdə qabaqlayıcı
tədbirlər görülür.

Digər proqramlardan biri “Plan Turquino”dur. Bu proqram dağlıq
və çətin əlçatan ərazilərdə yaşayan icmaların inkişafına
yönəlib.

Bu proqramlar qadınlara, üçdən çox uşağı olan tək analara,
yaşlılara və əlilliyi olan uşaqlara yönəlmiş sosial siyasətlərlə də
əlaqələndirilir. Bütün bu siyasətlər Kubanın yeni şəhər
gündəliyində müəyyən edilmiş müxtəlif istiqamətlər vasitəsilə
həyata keçirilir və ölkənin üzləşdiyi məhdudiyyətlərə baxmayaraq
inkişaf etdirilir”.

Antonio Fuervelo vurğulayıb ki, hazırda Kubada enerji sahəsində
də güclü siyasət həyata keçirilir:

“Ölkəmizə neft və yanacaq çatdırılmasının faktiki olaraq
qarşısının alınması bizi alternativ proqramlar inkişaf etdirməyə
məcbur edib. Bunlardan biri günəş panellərinin quraşdırılması və
alternativ enerji mənbələrinin istifadəsidir.




Bəzi ölkələrin həmrəy dəstəyi sayəsində bu panellərin alınmasını
təmin edə bilmişik. Mövcud vəziyyətə baxmayaraq, ən həssas icmalara
əsas xidmətləri çatdırmağa nail olmuşuq. Bu enerji xəstəxanalar,
poliklinikalar, həyati əhəmiyyət daşıyan xidmət mərkəzləri, üçdən
çox uşağı olan tək anaların yaşadığı evlər, valideyn himayəsindən
məhrum uşaqların yaşadığı məkanlar, əlilliyi olan uşaqlar və xüsusi
tibbi yardıma ehtiyacı olan insanlar üçün təmin edilir.

Su təchizatı ilə bağlı da böyük proqram həyata keçirilir.
Ölkənin çətinliklərinə baxmayaraq, ən həssas bölgələrə su
çatdırılması təmin olunur”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir