
Bakı. Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzi
tərəfindən “Energetika memarlığı” adlı film hazırlanıb. Film,
Azərbaycanın elektroenergetika sahəsinin tarixi inkişaf yolunu, bu
sahədə formalaşmış memarlıq və texnoloji yanaşmaları əks etdirən
sənədli ekran işidir. Burada 1883-cü ildə Gədəbəydə ilk elektrik
stansiyasının qurulmasından başlayaraq, müasir dövrdə həyata
keçirilən iri enerji layihələrinə qədər uzanan inkişaf mərhələləri
təqdim edilir.
Ekran əsərində energetika yalnız texniki infrastruktur kimi
deyil, həm də şəhərsalma, memarlıq və milli inkişafın mühüm
elementi kimi göstərilir. Filmdə Azərbaycanda enerji obyektlərinin
keçdiyi təkamül yolu – sovet dövrünün funksional yanaşmasından
başlayaraq, müasir dövrdə estetik və rəqəmsal həllərlə
zənginləşdirilmiş yeni energetika memarlığı modelinə qədər geniş
şəkildə nümayiş olunur.
Filmdə, xüsusilə son 20 ildə həyata keçirilən enerji
layihələri, qapalı tipli yarımstansiyalar, rəqəmsal idarəetmə
mərkəzləri, müasir elektrik stansiyaları və işğaldan azad edilmiş
ərazilərdə qurulan yeni enerji infrastrukturu ön plana çıxarılır.
Bununla yanaşı, “yaşıl enerji” konsepsiyası çərçivəsində yaradılan
müasir enerji sistemləri də ekran əsərinin əsas mövzularından
biridir.
“Energetika Memarlığı” filmi Azərbaycanın enerji
təhlükəsizliyinin möhkəmləndirilməsi, müasir sənaye estetikasının
formalaşdırılması və gələcəyin dayanıqlı enerji infrastrukturunun
qurulması istiqamətində görülən işləri vizual və tarixi
ardıcıllıqla təqdim edir. Film, energetikanın yalnız iqtisadi
inkişaf deyil, həm də milli memarlıq düşüncəsi və dövlətçilik
baxışının tərkib hissəsinə çevrildiyini nümayiş etdirir.

