Kartexenada narkotik zonasının yerində parklar salınıb – Kolumbiya nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Kartexena şəhərində həyata keçirilən şəhər yenilənməsi layihəsi
çərçivəsində 120-dən çox ailə yeni sosial mənzillərə köçürülüb.

Trend xəbər
verir ki, bu barədə Kolumbiya nümayəndəsi Maria Abondano Eskobar
Dünya Şəhər Forumunun 13-cü sessiyası (World Urban Forum 13)
çərçivəsində keçirilən “İki region, bir gündəm: inklüziv şəhər
yenilənməsi üzrə dərslər” adlı panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, keçən həftə şəhər üçün yaradılan yeni
mərkəzin ilk hissəsinin istifadəyə verilməsi qeyd olunub.

“Bu mərkəzin yaradılması zamanı 20 ildən artıq müddətdə taxta
dirəklər üzərində yaşayan 120-dən çox ailəni köçürməli olduq.
Onların evləri milyonçuların yaşadığı ərazilərin yaxınlığında
yerləşən kiçik taxta konstruksiyalardan ibarət idi”, – deyə o qeyd
edib.

Maria Abondano Eskobar bildirib ki, ailələr şəhərin müxtəlif
ərazilərində yerləşən yeni sosial mənzillərlə təmin olunub və
proses iştirakçılıq prinsipi əsasında həyata keçirilib.

“Bizim merin çox sevdiyi bir ifadə var: “Danışaraq, amma
insanları dinləyərək”. İnsanların ehtiyacları və fikirləri yeni
təşəbbüslərin formalaşdırılmasında əsas rol oynayırdı”, – deyə o
əlavə edib.

Kolumbiya nümayəndəsi vurğulayıb ki, layihənin icrası zamanı
sosial uyğunlaşma ilə bağlı ciddi çətinliklər yaranıb.

“Biz düşünürdük ki, insanlara daha yaxşı və ləyaqətli mənzillər
təqdim edirik. Amma bəzi ailələr gələcəkdə kommunal xidmətləri necə
ödəyəcəkləri və yeni həyat tərzinə necə uyğunlaşacaqları ilə bağlı
narahat idilər”, – deyə o bildirib.

O qeyd edib ki, layihənin həyata keçirildiyi ərazi həm də
narkotik vasitələrin qanunsuz dövriyyəsi və yüksək zorakılıq
səviyyəsi ilə tanınırdı.

“Mexanik və ya çörəkçi adı altında fəaliyyət göstərən bəzi kiçik
obyektlər əslində böyük narkotik satış məntəqələri idi. Bu
fəaliyyətlərin qarşısını almaq üçün ciddi tədbirlər görülüb”, –
deyə Escobar bildirib.

Onun sözlərinə görə, yeni layihə nəticəsində şəhərdə ictimai
məkanlar yaradılıb.




“Burada futbol və beysbol meydançaları, uşaq parkları, həmçinin
ev heyvanları üçün xüsusi zonalar salınıb. Məqsəd Kartaxena
sakinləri üçün tarixi mərkəzə yaxın və pulsuz ictimai məkanlar
yaratmaq idi”, – deyə o vurğulayıb.

Maria Abondano Escobar əlavə edib ki, şəhər rəhbərliyi yalnız
turizmə deyil, həm də yerli əhalinin rifahına investisiya
yatırılmasını vacib hesab edir.

“Əgər sakinlər yaxşı yaşayırsa, bu, şəhərin bütün inkişaf
zəncirinə müsbət təsir göstərir”, – deyə o bildirib.

Kolumbiya nümayəndəsi sonda Dünya Şəhər Forumu çərçivəsində
qurulan yeni tərəfdaşlıqların daha dayanıqlı və inklüziv şəhərlərin
formalaşdırılmasına töhfə verəcəyini qeyd edib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir