
Bakı. Trend:
EcoHub – Ekoloji Təşəbbüslərə Dəstək İctimai Birliyi 13-cü
Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində “İcmalardan
Şəhərlərə Su Dayanıqlılığı: Əlçatanlıq, Səmərəlilik və Davamlılıq”
mövzusunda tədbir keçirib.
WUF Urban Expo sərgisinin QHT Agentliyi Pavilyonunda baş tutan
tədbir EcoHub-ın təşkilatçılığı Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin
tərəfdaşlığı və “The Coca-Cola Company”nin dəstəyi ilə həyata
keçirilib.
Tədbirə dövlət qurumlarının, beynəlxalq və yerli şirkətlərin,
vətəndaş cəmiyyəti və özəl sektorun nümayəndələri qatılıb.
İştirakçılar Azərbaycanda və regionda su dayanıqlılığının
gücləndirilməsinə yönəlik praktiki yanaşmaları müzakirə
ediblər.
Tədbiri açıq elan edən EcoHub-ın sədri Tükəzban Ağababayeva
ekoloji çağırışların həllində tərəfdaşlığın əhəmiyyətindən danışıb.
O qeyd edib ki, su təhlükəsizliyi artıq yalnız ekoloji məsələ
olmayıb, cəmiyyətin bütün sektorlarının fəal iştirakını tələb edən
iqtisadi, sosial və inkişaf prioritetinə çevrilib.
“EcoHub olaraq inanırıq ki, heç bir təşkilat bugünkü ekoloji
çağırışları tək başına həll edə bilməz. Davamlı etimadı və dəstəyi
üçün QHT Agentliyinə, Dövlət Su Ehtiyatları Agentliyinə, Coca-Cola
Fonduna və CCİ Azərbaycana minnətdarlığımı bildirirəm,” — deyə
Tükəzban Ağababayeva çıxışında vurğulayıb.
EcoHub-ın Əməliyyatlar üzrə direktoru Əkbər Mikayılovun
moderatorluğu ilə keçirilən panel müzakirəsində “The Coca-Cola
Company”nin Avrasiya və Orta Şərq Əməliyyat Bölməsi üzrə
Dayanıqlılıq Direktoru Ece Gilava, “Carlsberg Azerbaijan”ın
Korporativ ünsiyyətlər üzrə rəhbəri Lalə Əfəndi, Azərbaycan Dövlət
Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin
Suyun təhlükəsizliyi sektorunun müdiri və “AgroElm” MMC-nin
təsisçisi Tərlan Cərullazadə çıxış ediblər.
Müzakirə dayanıqlı su təminatı, su istifadəsində səmərəlilik,
innovativ suvarma texnologiyaları, korporativ su idarəçiliyi və
çoxtərəfli tərəfdaşlığın rolu kimi mövzulara həsr olunub.
The Coca-Cola Company adından çıxış edən Ece Gilava şirkətin
qlobal məqsədinin 2035-ci ilə qədər 200-dən çox yüksək riskli
məkanın hər birində 100% su bərpa səviyyəsinə çatmaq olduğunu
bildirib.
“The Coca-Cola Foundation və CCI Azərbaycanın maliyyə dəstəyi
ilə Şamaxının Mərzəndiyyə və Şabranın Sincanboyad kəndlərində suya
əlçatanlıq layihələri həyata keçirmişik və bu layihələrdən
2,180-dən çox insan faydalanıb. Hazırda Xızı rayonunun Şorabad
kəndində oxşar işləri davam etdirməyi nəzərdə tutmuşuq,” — deyə
E.Gilava qeyd edib.
O həmçinin əlavə edib ki, həqiqi və davamlı təsir biznes,
vətəndaş cəmiyyəti, hökumət, yerli icmalar və beynəlxalq
tərəfdaşlar arasında birgə fəaliyyət tələb edir və məhz bu səbəbdən
WUF kimi platformalar belə dəyərlidir, onlar dialoqu, tərəfdaşlığı
və işləyən həll yollarının miqyaslandırılmasını mümkün edir.
Çıxış edənlər iqlim dəyişikliyi, urbanizasiya və əhali artımı
kontekstində su təhlükəsizliyinin getdikcə daha kritik prioritetə
çevrildiyini, daha dayanıqlı su sistemlərinin qurulması üçün dövlət
qurumları, biznes, vətəndaş cəmiyyəti təşkilatları və icmalar
arasında əlaqələndirilmiş fəaliyyətin zəruriliyini
vurğulayıblar.
Tədbir şəbəkələşmə sessiyası ilə başa çatıb.

