Ermənistanla Azərbaycanın delimitasiya qrupları yaradılacaq

Baş səhifə

Ermənistan mətbuatı bu ilin 29 aprelində Baş nazir müavinləri Mher Qriqoryan və Şahin Mustafayevin sədrliyi ilə Ağverəndə keçirilmiş delimitasiya komissiyalarının 13-cü iclasında razılaşdırılmış məsələlər barədə bəzi təfərrüatları dərc edib.

Modern.az-ın məlumatına görə, məqalədə xatırladılıb ki, 29 aprel görüşündə Ermənistan və Azərbaycanın delimitasiya komissiyaları delimitasiya işlərinin həyata keçirilməsi qaydalarına  dair üç təlimat layihəsinin mətnini razılaşdırıb və mübadilə ediblər.

Tərəflər bu qaydaları təsdiq üçün öz hökumətlərinə təqdim etmək barədə razılığa gəliblər. Bu o deməkdir ki, Ermənistan və Azərbaycan hökumətləri onları müvafiq qərarlar vasitəsilə təsdiqləməlidirlər.

Ermənistan Ədliyyə Nazirliyi tərəfindən hazırlanmış üç qaydanı təsdiq edən hökumət qərarının layihəsi 15-31 may tarixlərində hüquqi aktlarını dərc edən rəsmi saytıda ictimai müzakirəyə çıxarılıb.

Tərəflərin razılaşdırdığı qaydalara əsasən, ekspert delimitasiya qrupları yaradılacaq. Həmin ekspert qrupları komissiyalara hesabat verəcəklər.

“Ekspertlər bütün müvafiq kartoqrafik sənədlərlə yanaşı, bütün tənzimləyici və digər hüquqi qüvvəyə malik sənədlərlə də işləyəcəklər. Bu, xəritələrin və hüquqi qüvvəyə malik sənədlərin istifadəsinə heç bir məhdudiyyət qoyulmadığını göstərir”, – Ermənistan KİV-i yazıb.

Ekspert qrupları bütün kartoqrafik və hüquqi sənədlərlə işləyəcək, həmçinin uzaqdan zondlama (peyk çəkilişləri) və ya dron çəkilişlərini emal edəcəklər.

Delimitasiya dövründə vahid geodeziya bazası (dövlət sirri təşkil edən məlumatları ehtiva etməyən) yaradılmalı, bütün sərhədin çəkilişi, sərhəd xəttinin razılaşdırılması, razılaşdırılmış sərhəd xəttini əks etdirən delimitasiya xəritəsinin layihəsinin hazırlanması, dövlət sərhədinin təsviri və s. daxil olmaqla topoqrafik və geodeziya işləri başa çatdırılmalıdır.

Delimitasiya xəritəsində razılaşdırılmış sərhəd xətti bütöv qırmızı xətt kimi göstəriləcək. Xəritə sərhədin bütün uzunluğunu və hər tərəfində 3 kilometr enində ərazi zolağını əhatə etməlidir. Bütün xəritə vərəqləri albom formatında təqdim olunacaq. Vərəqlərin nömrələnməsi Ermənistan-Azərbaycan sərhədinin şimal hissəsindən başlayaraq qərbdən şərqə doğru hərəkət edəcək.

Xatırladaq ki, tərəflər arasında delimitasiya 2024-cü ilin yazında başlayıb.

19 aprel 2024-cü ildə Ermənistan tərəfi Qazaxın işğal atındakı Bağanis Ayrum, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərini Azərbaycana təhvil veriblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir