WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu artırır – Azər Qarayev

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
– WUF13 Azərbaycanın son illərdə ev sahibliyi etdiyi ən böyük
beynəlxalq tədbirlərdən biri hesab olunur.

Bunu Trend
açıqlamasında politoloq Azər Qarayev deyib.

Onun sözlərinə görə, Ümumdünya Şəhərsalma Forumu BMT-nin İnsan
Məskənləri Proqramı – UN-Habitat tərəfindən keçirilir və forum
dünyanın ən nüfuzlu urbanizasiya platformalarından biri
sayılır.

“Forumda müxtəlif ölkələrdən hökumət nümayəndələri, beynəlxalq
təşkilatlar, urbanistlər, memarlar, investorlar və ekspertlər
iştirak edirlər. Tədbirin əsas məqsədi sürətli urbanizasiya,
şəhərlərin dayanıqlı inkişafı, mənzil problemi, iqlim
dəyişiklikləri və müasir şəhər idarəçiliyi ilə bağlı məsələlərin
müzakirə olunur”.

A. Qarayev qeyd edib ki, WUF13-ün Bakıda keçirilməsi Azərbaycan
üçün təkcə beynəlxalq tədbir statusu daşımır.

“Bu forum ölkənin beynəlxalq imicinə, şəhərsalma siyasətinə,
investisiya imkanlarına və postmünaqişə dövründə həyata keçirilən
yenidənqurma layihələrinin tanıdılmasına ciddi təsir göstərir. Son
illərdə Azərbaycan Formula 1, COP29, beynəlxalq idman yarışları və
müxtəlif qlobal tədbirlərlə özünü regionun diplomatik və tədbir
mərkəzlərindən biri kimi təqdim etməyə çalışır. WUF13 də bu
strategiyanın davamı hesab olunur. Forum çərçivəsində dünyanın
onlarla ölkəsindən minlərlə iştirakçının Bakıya gəlməsi
Azərbaycanın beynəlxalq görüntünü artırır. Xarici media
nümayəndələri və beynəlxalq ekspertlər Bakının infrastrukturu,
şəhərsalma layihələri və urbanizasiya siyasəti ilə yaxından tanış
olurlar. Bu isə ölkənin beynəlxalq imicinə və tanıtımına əlavə
töhfə verir”.

Politoloq qeyd edib ki, WUF13 zamanı Azərbaycanın postmünaqişə
dövründə həyata keçirdiyi yenidənqurma layihələri də əsas təqdimat
mövzularından biri kimi ön plana çıxır.

“Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı
şəhər” və “ağıllı kənd” layihələri beynəlxalq auditoriyaya təqdim
olunur. Ağalı kəndi, Füzuli və Zəngilan üzrə yeni şəhər planları,
yaşıl enerji və müasir infrastruktur layihələri Azərbaycanın
urbanizasiya modeli kimi nümayiş etdirilir. Rəsmi mövqeyə görə, bu
layihələr gələcəyin dayanıqlı şəhər konsepsiyasına uyğun şəkildə
qurulur”.

A. Qarayev bildirib ki, belə beynəlxalq forumlar investisiya
baxımından da əhəmiyyətli hesab olunur.

“WUF13 çərçivəsində tikinti, memarlıq, mühəndislik, şəhər
texnologiyaları və infrastruktur sahəsində fəaliyyət göstərən
beynəlxalq şirkətlər Azərbaycan bazarı ilə yaxından tanış olmaq
imkanı əldə edirlər. Ekspertlər hesab edirlər ki, forum xüsusilə
“yaşıl şəhər”, ağıllı nəqliyyat sistemləri və rəqəmsal idarəetmə
sahəsində yeni tərəfdaşlıqlara yol aça bilər. Bu isə uzunmüddətli
perspektivdə şəhər infrastrukturu və tikinti sektoruna müsbət təsir
göstərə bilər”.

Politoloq qeyd edib ki, Forumun turizm və xidmət sektoruna da
qısamüddətli təsiri müşahidə olunur.

“Minlərlə xarici qonağın Bakıya gəlməsi hotellər, restoranlar,
nəqliyyat və digər xidmət sahələrində iqtisadi aktivliyi artırır.
Xarici iştirakçıların sosial şəbəkələrdə Bakı ilə bağlı
paylaşdıqları görüntülər isə ölkənin turizm tanıtımına əlavə dəstək
verir. WUF13 Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq, Qarabağ
layihələrini tanıtmaq, investisiya imkanlarını genişləndirmək və
urbanizasiya sahəsində yeni əməkdaşlıqlar qurmaq baxımından
əhəmiyyətli platformadır. WUF13 Azərbaycan üçün sadəcə beynəlxalq
tədbir deyil, urbanizasiya siyasətində dönüş nöqtəsinə çevrilə
bilər”, – deyə o qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir