
Bakı.Trend:
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
Bakıda “Şəhər, sənaye və iqlimin kəsişməsində mənzil və binaların
karbonsuzlaşdırılması” mövzusunda sessiya keçirilir.
Trend xəbər verir
ki, iştirakçılar mənzil tikintisinin əlçatan və dayanıqlı qalmaqla
yanaşı şəhərlərin karbonsuzlaşdırılmasına necə töhfə verə
biləcəyini müzakirə edəcəklər.
UNIDO-nun Şəhər İnkişafına Keçid Missiyası ilə birgə təşkil
etdiyi bu sessiya aşağı karbonlu mənzillərin yaradılması üzrə
praktiki yolların araşdırılması məqsədilə sənaye nümayəndələrini və
tərəfdaşları bir araya gətirir.
Mənzil siyasəti, bina layihələndirilməsi və sənayenin
karbonsuzlaşdırılmasını birləşdirən sessiyanın məqsədi iqlim və
mənzil sahəsində yüksək səviyyəli öhdəliklərlə onların şəhər
səviyyəsində həyata keçirilməsi üçün praktiki mexanizmlər arasında
əlaqə yaratmaqdır.
Müzakirələrin nəticələri həmçinin şəhərlər arasında innovasiya,
rəqəmsallaşma, süni intellekt və “yaşıl” keçid sahələrində
əməkdaşlığın dəstəklənməsinə yönəlmiş UNIDO-nun “Cities Bridge
2026” proqramına töhfə verəcək.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya,
iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və
dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün
çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar
keçiriləcək.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial
inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri
əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək.
Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ
həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal
texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü
də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal
mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin
formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər
idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı
nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç
imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət,
turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və
müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr
olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və
vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər
rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci
gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib.
Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər
dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb.
WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş
tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın
genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi
qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.
Xəbər yenilənir

