Bakıda Xocasən gölü və tullantı infrastrukturu üzrə yeni layihələr icra olunacaq

Baş səhifə

Bakı.Trend:

Bakıda şəhər infrastrukturunun yaxşılaşdırılması və
tullantıların idarə olunması istiqamətində yeni layihələrin həyata
keçirilməsi planlaşdırılır.

Trend xəbər
verir ki, bunu İqtisadiyyat Nazirliyinin Xarici Maliyyə
Təşkilatları və İnvestisiya Fondları ilə İş Departamentinin
Beynəlxalq İnvestisiya Fondları və Donorlarla Əməkdaşlıq şöbəsinin
müdiri Günel Quliyeva WUF13 çərçivəsində “Plastik çirklənməsi ilə
mübarizə: yaşanıla bilən şəhərlərin və dairəvi iqtisadiyyatın
təşviqi” mövzusunda keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, 2025-ci ildə İqtisadiyyat Nazirliyi ilə Dünya
Bankı arasında “Yaşanıla bilən Bakı” layihəsi üzrə kredit sazişi
imzalanıb.

“Layihənin əsas məqsədi şəhər infrastrukturunun dəstəklənməsi,
ictimai məkanların bərpası və yaşayış infrastrukturunun
yaxşılaşdırılmasıdır”,-deyə o qeyd edib.

G.Quliyevanın sözlərinə görə, layihənin əsas komponentlərindən
biri Bakı ətrafındakı üç gölün, o cümlədən Xocasən gölünün
təmizlənməsidir.

“Eyni zamanda bərk məişət tullantıları sahəsində mühüm tədbirlər
nəzərdə tutulur. Bu çərçivədə Abşeronda bir poliqonun, Qobustan,
Şamaxı və digər ərazilərdə isə dörd ötürücü məntəqənin tikintisi
planlaşdırılır”,-deyə o əlavə edib.

Qeyd olunub ki, layihə çərçivəsində çirklənmiş ərazilərin
təmizlənməsi istiqamətində də addımlar atılacaq.

G.Quliyeva vurğulayıb ki, layihələrin icrasında Dünya Bankı,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər tərəfdaş qurumlarla
sıx koordinasiya həyata keçirilir.

Onun sözlərinə görə, beynəlxalq təcrübənin tətbiqi və müvafiq
standartların müəyyənləşdirilməsi bu istiqamətdə əsas
prioritetlərdən biridir.




“Biz beynəlxalq ekspertlərlə yaxından işləyirik. Hesab edirik
ki, poliqonların və ötürücü məntəqələrin tikintisi tullantıların
idarə olunması ilə bağlı problemlərin həllinə və bu sahədə
irəliləyişlərin əldə olunmasına şərait yaradacaq”,-deyə o
bildirib.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir