İdman şəhərlərin planlaşdırılmasının və inkişafının ayrılmaz hissəsinə çevrilməlidir – Anaklaudia Rossbax

Baş səhifə

Bakı. Trend:

İdman şəhərlərin planlaşdırılmasının və inkişafının ayrılmaz
hissəsinə çevrilməlidir.

Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Bakıda keçirilən Ümumdünya Şəhərsalma
Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Şəhərlərə idmanın
inteqrasiyası” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, idman şəhərləri dəyişdirmək gücünə malikdir və
şəhərlərin necə planlaşdırılması, maliyyələşdirilməsi və idarə
olunması insanların yalnız harada yaşamasına deyil, həm də necə
hərəkət etməsinə, ünsiyyət qurmasına, istirahət etməsinə və özünü
cəmiyyətə aid hiss etməsinə birbaşa təsir göstərir.

“Mənzil təminatı, mobillik və ictimai məkanlar şəhərlərin yaşana
bilənliyi üçün nə qədər vacibdirsə, idman, rekreasiya və oyun
vasitəsilə insanların hərəkət etməsi, əlaqə qurması və inkişaf
etməsi üçün əlçatan imkanlar da o qədər önəmlidir. UN-Habitat
idmanı getdikcə şəhərlərin infrastrukturunun bir hissəsi kimi
nəzərdən keçirir və bu sahəni inklüzivlik, sağlamlıq, təhlükəsizlik
və icma rifahı ilə əlaqələndirir”, – o bildirib.

Anaklaudia Rossbax qeyd edib ki, BMT-nin Məskunlaşma Proqramı
ilə Beynəlxalq Olimpiya Komitəsi arasında artan əməkdaşlıq da məhz
bu yanaşmaya əsaslanır. Lakin o vurğulayıb ki, bu proses yalnız
institutların gücü ilə həyata keçirilə bilməz.

Onun sözlərinə görə, müxtəlif sektorlar – peşəkarlar, idman
sahəsi, şəhərsalma mütəxəssisləri, hökumətlər və maliyyə
institutları birgə işləməlidir. O əlavə edib ki, bu sessiya
çərçivəsində iştirakçılar gələcəkdə şəhərlərdə idmanın
inteqrasiyası ilə bağlı konkret öhdəliklər və ideyalar
formalaşdırmalıdırlar.

İcraçı direktor çıxışının sonunda qeyd edib ki, UN-Habitat bu
istiqamətdə etibarlı tərəfdaş kimi əməkdaşlığı davam etdirməyə
hazırdır.




Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir