
Bakı. Trend:
İdmanın şəhər siyasətinə və planlaşdırmasına inteqrasiyası
sağlamlıq və rifahı gücləndirir, təhlükəsiz və inklüziv ictimai
məkanların formalaşmasına töhfə verir, icma həmrəyliyi artırır.
Trend xəbər
verir ki, bunu Kosta Rikanın sabiq prezidenti, Beynəlxalq Olimpiya
Komitəsinjn BMT-dəki daimi müşahidəçisi Laura Çinçilla Bakıda
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində “Şəhərlər üçün idman və şəhər gələcəyi” mövzusunda
çıxışı zamanı bildirib.
O qeyd edib ki, hazırda dünyada mövcud problemlər ən çox sıxlıq
olan şəhər mühitlərində özünü göstərir. Onun sözlərinə görə,
2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə
yaşayacağı gözlənilir ki, bu da mövcud çağırışları daha da
artıracaq və buna görə də indidən tədbir görülməsi vacibdir.
“Sürətli və birgə fəaliyyət zəruridir. İdman isə sosial,
iqtisadi və ekoloji sahələrdə tərəqqini sürətləndirən aşağı xərcli,
lakin yüksək təsirə malik bir vasitə kimi artıq özünü təsdiqləyir”,
– o bildirib.
O qeyd edib ki, bu yanaşma yalnız fikrə əsaslanmır, həm də
BMT-nin 2030 Gündəliyi, “Gələcək üçün Pakt” və Doha Bəyannaməsi
kimi beynəlxalq sənədlərdə üzv dövlətlər tərəfindən idmanın
inkişaf, sosial həmrəylik, icma sağlamlığı və rifahı üçün rolu
dəfələrlə təsdiqlənib. Eyni zamanda, bu siyasi iradənin maliyyə
dəstəyi ilə də gücləndirildiyi bildirib.
“Dayanıqlı İnkişaf üçün İdman vasitəsilə İnkişaf Banklarının
Koalisiyası 2030-cu ilə qədər icma əsaslı, inklüziv və dayanıqlı
idman infrastrukturu və insan kapitalının inkişafı layihələrinə 10
milyard ABŞ dolları həcmində investisiya qoymağı öhdəsinə götürüb.
Bu siyasi iradəni və maliyyə öhdəliyini real nəticələrə çevirmək
məqsədilə UN-Habitat ilə birgə şəhərlərdə Dayanıqlı İnkişaf
Məqsədlərinin lokallaşdırılması istiqamətində iş aparılır. Bu
çərçivədə dörd əsas istiqamət müəyyən edilib.
Birinci istiqamət şəhərlərin strateji, büdcə, məkan və iştirak
əsaslı planlaşdırma proseslərinə idman siyasətinin və məlumatların
inteqrasiyasıdır. İkinci istiqamət əhalini idmanın və fiziki
aktivliyin faydaları barədə məlumatlandıran genişmiqyaslı
kommunikasiya kampaniyalarının həyata keçirilməsidir.
Üçüncü istiqamət yerli orqanların sübutlara əsaslanan
planlaşdırma, təsirin qiymətləndirilməsi və inteqrasiya olunmuş
idman siyasəti hazırlamaq bacarıqlarının gücləndirilməsidir.
Dördüncü istiqamət isə inkişaf maliyyələşməsi ilə dəstəklənən
yüksək təsirli idman infrastrukturu və insan kapitalı layihələri
üzrə layihə zəncirinin formalaşdırılmasıdır”, – o bildirib.
Sabiq prezident çıxışında vurğulayıb ki, idmanın şəhər
siyasətinə və planlaşdırmasına inteqrasiyası sağlamlıq və rifahı
gücləndirir, təhlükəsiz və inklüziv ictimai məkanların
formalaşmasına töhfə verir, icma həmrəyliyi artırır: “Eyni zamanda,
bu yanaşma yerli bizneslərə fayda verir, gənclərin prosesə cəlb
olunmasını artırır və iqtisadi fəallığı gücləndirir. İdman aktiv
hərəkətliliyi təşviq edir, yaşıllıq zonalarından istifadəni artırır
və çoxfunksiyalı icma məkanlarının yaranmasına şərait yaradır”.
O həmçinin qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin
Qaçqınlar Fondu tərəfindən hazırlanan “Şəhərlər: İdman və
İnklüzivlik” siyasətinə əsasən, idman köçkün icmaların şəhər
mühitinə inteqrasiyasında da mühüm vasitədir.
O, çıxışının sonunda vurğulayıb ki, hazırkı dövrdə birləşmək və
əməkdaşlığı gücləndirmək xüsusilə vacibdir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

