
Bakı. Trend:
Tarixi şəhərlər bizim yaşayan yaddaşımızdır və şəhərlərin
yenilənməsi zamanı bu tarixi ruh mütləq şəkildə qorunmalıdır.
Trend xəbər verir ki, bunu Meksikanın Mexiko şəhərinin Mənzil
naziri İnti Munoz Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun
13-cü sessiyası çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən
düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə
bildirib.
Onun sözlərinə görə, turizm məqsədli mədəni layihələrə
məhdudiyyət qoymaq düzgün deyil, lakin şəhər elə qurulmalıdır ki,
tarixi məhəllələr dayanıqlı şəkildə qorunsun:
“Şəhərin mübadilə dəyərini anlamaq vacibdir. İnsanlar harada və
necə yaşayır, şəhəri necə qorumaq olar, xüsusilə tarixi şəhərləri
necə mühafizə etmək mümkündür — bu suallara cavab axtarılarkən
yerli icmalar mütləq nəzərə alınmalıdır. Şəhərsalma proseslərində
ictimai razılığın əldə olunması əsas şərtlərdən biridir.
Şəhər regenerasiyası elə aparılmalıdır ki, həm sosial, həm
mədəni, həm də iqtisadi baxımdan balans qorunsun. Bu yanaşma
istənilməyən sosial nəticələrin qarşısını alır və eyni zamanda
iqtisadi dayanıqlığa da mühüm töhfə verir”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

