Şəhərin transformasiyasında hər bir fərd məsuliyyət daşıyır – Kataloniya rəsmisi

Baş səhifə

Bakı. Trend:

Şəhərin transformasiyası zamanı hər bir fərd, dövlət qurumları
və aidiyyəti tərəflər hamısı məsuliyyət daşıyır.

Trend xəbər
verir ki, bunu İspaniya Krallığının Kataloniya Hökumətinin Ərazi
Planlaşdırması, Şəhərsalma və Memarlıq üzrə Baş Direktoru Elizabet
Çiriçi Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyası çərçivəsində təşkil olunan “Mədəni irsin yenidən
düşünülməsi və inklüziv şəhər yenilənməsi” adlı tədbirdə
bildirib.

Onun sözlərinə görə, şəhərin transformasiyasından danışanda bəzi
məsələlər prioritet olmalıdır:

“Bu proses təkcə fiziki yenilənmə ilə məhdudlaşmamalı, həm də
sosial ədalət və inklüzivlik prinsiplərinə əsaslanmalıdır. Sosial
məsələlər də mütləq öz həllini tapmalıdır. Xüsusilə mənzil
təminatı, məşğulluq, ictimai xidmətlərə çıxış və həssas qrupların
müdafiəsi kimi sahələr diqqət mərkəzində olmalıdır.

Bu işlər görülərkən hər bir layihə yalnız lokal ehtiyaclara
cavab verməməli, eyni zamanda nümunəvi yanaşma kimi formalaşmalı və
şəhər problemlərinin daha geniş, qlobal həllinə töhfə
verməlidir”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.




Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir