
Bakı. Trend:
Azərbaycan Hökuməti və BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat)
dayanıqlı şəhər inkişafı sahəsində yeni qlobal mükafat – Bakı
Şəhərsalma Mükafatını (Baku Urban Award) təsis edib.
Trend xəbər
verir ki, bu barədə Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13‑cü
sessiyası (WUF13) çərçivəsində keçirilən “Bakı Şəhərsalma Mükafatı:
Qlobal Təsir üçün Mənzil Həllərinin Genişləndirilməsi” adlı
tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13
milli koordinatoru Anar Quliyev məlumat verib.
BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudiya
Rossbax çıxış edərək bildirib ki, UN-Habitat üçün mükafatların
mühüm əhəmiyyəti var:
“Mükafatlar bizə yüksək səviyyəli kuratorlar, ekspertlər və
vətəndaş cəmiyyəti ilə birgə işləmək imkanı yaradır”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 milli
koordinatoru Anar Quliyev çıxışında qeyd edib ki, “Bakı Şəhərsalma
Mükafatı” müstəqil və beynəlxalq nüfuza malik münsiflər heyəti
tərəfindən qiymətləndiriləcək.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

