
Bakı.Trend:
Azərbaycan azad edilmiş ərazilərdə müasir şəhərsalma
prinsiplərinə əsaslanan ağıllı və dayanıqlı şəhərlər inşa edir.
Trend xəbər
verir ki, bu fikirləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal
Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər: Təhlükəsiz,
innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda keçirilən
panel müzakirəsində deyib.
O qeyd edib ki, Azərbaycan hazırda Böyük Qayıdış proqramı
çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı
ilə bağlı yeni reallıqlar yaşayır.
“Ərazilərimizin azad edilməsindən sonra Azərbaycan regionun ən
böyük yenidənqurma və inkişaf layihələrindən birinə başlayıb.
Tamamilə yeni şəhərlər və yaşayış məntəqələri qurulur”, – deyə o
bildirib.
V.Hüseynov vurğulayıb ki, bu şəhərlər ağıllı, dayanıqlı, davamlı
və inklüziv urban məkanlar kimi layihələndirilir.
“Biz əminik ki, həmin şəhərlər güclü insan kapitalının
formalaşdığı məkanlara çevriləcək və miqrasiyanın inkişaf
potensialını maksimum dərəcədə artıracaq”, – deyə Dövlət Miqrasiya
Xidmətinin rəisi əlavə edib.
O həmçinin bildirib ki, Azərbaycan miqrasiya və urban inkişaf
gündəlikləri arasında sinerjinin gücləndirilməsinə xüsusi önəm
verir.
“Azərbaycan əməkdaşlığın inkişaf etdirilməsi və inklüziv
idarəetmə çərçivələrinin dəstəklənməsi istiqamətində səylərini
davam etdirəcək”, – deyə V.Hüseynov qeyd edib.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

