Qarabağ dünyanın ən çox mina ilə çirklənmiş ərazilərindən biridir – Fuad Hüseynov

Baş səhifə

Bakı.Trend:

Ermənistanın işğalı dövründə Qarabağ və Şərqi Zəngəzur geniş
şəkildə minalarla çirkləndirilib və bu ərazilər hazırda dünyanın ən
təhlükəli mina zonalarından biri hesab olunur.

Trend xəbər
verir ki, bu fikirləri Azərbaycan Respublikasının Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini
Fuad Hüseynov WUF13 çərçivəsində “Miqrasiya və şəhərlər:
Təhlükəsiz, innovativ və dayanıqlı idarəetmə çərçivəsi” mövzusunda
keçirilən panel müzakirəsində deyib.

O bildirib ki, Ermənistan işğal dövründə Azərbaycan
ərazilərindəki yaşayış məntəqələrini tamamilə dağıdıb.

“Bu gün həmin ərazilər beynəlxalq ekspertlər tərəfindən dünyanın
ən çox mina ilə çirkləndirilmiş bölgələrindən biri hesab olunur.
Ermənistan dəqiq mina xəritələrini tam şəkildə təqdim etməkdən
imtina edir və bu, mülki əhaliyə qarşı mina terrorunun davam
etməsinə səbəb olur. 2020-ci ildən indiyədək mina partlayışları
nəticəsində 420-dən çox insan ya həlak olub, ya da ağır yaralanıb”,
– deyə o bildirib.

Komitə sədrinin müavini qeyd edib ki, buna baxmayaraq Azərbaycan
azad edilmiş ərazilərdə sürətli yenidənqurma işlərini davam
etdirir.

“Bu gün Qarabağ və Şərqi Zəngəzurda smart kənd, smart şəhər,
yaşıl enerji və müasir urbanizasiya konsepsiyaları əsasında yaşayış
məntəqələri qurulur. Qısa müddət ərzində 12 rayonda 91 yaşayış
məntəqəsinin, o cümlədən 11 şəhərin baş planı təsdiqlənib. Bu,
Yaxın Şərq regionunda memarlıq və urbanizasiya təcrübəsində nadir
və unikal hallardan biridir”, – deyə o vurğulayıb.

O əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda 43 yaşayış
məntəqəsinə, o cümlədən 9 şəhər, 3 qəsəbə və 31 kəndə 85 mindən çox
insan qayıdıb.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir