
Bakı.Trend:
Azərbaycanda təkrar emal olunan tullantılar hər il gücü 100 min
ton olan müəssisədə çeşidlənir.
Trend xəbər verir
ki, bu barədə “Təmiz Şəhər” ASC-nin idarə heyəti sədrinin müavini
Sabit Zeyniyev Bakıda WUF13 çərçivəsində keçirilən “Plastik
çirklənmə ilə mübarizə: yaşayış üçün əlverişli şəhərlərin və
dairəvi iqtisadiyyatın təşviqi” adlı panel sessiyada çıxışı zamanı
bildirib.
Onun sözlərinə görə, Balaxanıda illik gücü 100 min ton olan
materialların bərpası üzrə zavod tikilib. Burada təkrar emala
yararlı tullantılar çeşidlənir və daha sonra emal sahəsində
fəaliyyət göstərən şirkətlərə ötürülür.
O qeyd edib ki, müəssisə tam gücü ilə fəaliyyət göstərir, lakin
onun səmərəliliyinin artırılması və illik tullantı qəbul həcminin
genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Sabit
Zeyniyev əlavə edib ki, Balaxanı sənaye parkının rezidentləri
tullantıların emalının inkişafını stimullaşdırmaq məqsədilə 10 il
müddətinə bir sıra vergilərdən azad olunublar.
Sabit Zeyniyev vurğulayıb ki, tullantıların idarə olunması
zəncirinin bütün mərhələlərini əhatə etmək üçün dövlət
güzəştlərinin nəzərdə tutulduğu sənaye parkı da yaradılıb.
“Onlar əmlak vergisindən, torpaq vergisindən, gömrük
rəsmiləşdirilməsi xərclərindən, həmçinin 10 il müddətinə mənfəət
vergisindən azad ediliblər”, – deyə o bildirib.
Onun sözlərinə görə, məişət təsərrüfatlarında yaranan
tullantılar park iştirakçıları tərəfindən toplanaraq emal
müəssisələrinə çatdırılır. Tullantıların bir hissəsi elektrik
enerjisi istehsalı üçün tullantıların yandırılması zavoduna
yönləndirilir, digər hissəsi isə materialların bərpası müəssisəsinə
daxil olur. Burada çeşidləndikdən sonra təkrar emala yararlı
materiallar Balaxanı sənaye parkının rezidentlərinə ötürülür.
Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü
sessiyasının (WUF13) dördüncü günü keçirilir. BMT-nin Məskunlaşma
Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə
təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya,
iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və
dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün
çərçivəsində “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar
keçiriləcək.
Forum iştirakçıları urbanizasiya proseslərinin sosial
inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri
əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək.
Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ
həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal
texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü
də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal
mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin
formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər
idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı
nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç
imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət,
turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın
genişləndirilməsini nəzərdə tutur.
Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və
müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr
olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və
vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər
rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci
gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib.
Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər
dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb.
WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş
tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın
genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi
qiymətləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

