Azərbaycanın üzləşdiyi “urbisid”in miqyası Livan ərazisi qədərdir – Fərid Şəfiyev

Baş səhifə

Bakı.Trend:

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş vermiş
dağıntıların miqyası “urbisid” anlayışı ilə xarakterizə oluna bilər
və dağıdılmış ərazilərin ümumi sahəsi Livan böyüklüyündədir.

Trend xəbər
verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
sədri Fərid Şəfiyev WUF13 çərçivəsində keçirilən “Dirçəliş və
urbisid: Dayanıqlı şəhərsalma və davamlı icmalar” adlı beynəlxalq
panel müzakirəsində deyib.

O bildirib ki, tədbirdə hökumət nümayəndələri, akademik
dairələr, ictimai fəallar və ekspertlər iştirak edir və müzakirələr
əsasən şəhərlərin dağıdılması və yenidən qurulması mövzularına həsr
olunub. Bizim mərkəzin bu forum çərçivəsində maraq göstərdiyi əsas
mövzulardan biri urbisid məsələsidir. Azərbaycanın üzləşdiyi
urbisidin miqyası Livan kimi bir ölkənin ərazisinə bərabərdir”, –
deyə o qeyd edib.

F.Şəfiyev vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə
2021-ci ildə çəkilmiş görüntülər dağıntının miqyasını açıq şəkildə
göstərirdi.

“Bu görüntülər Hollivud filmlərindən deyil, real həyatdan idi.
Müharibədən bir neçə ay sonra həmin ərazilərə səfər etdikdə
tamamilə dağıdılmış şəhər və kəndlərlə qarşılaşmışdıq. Son beş ildə
həmin ərazilərdə tamamilə yeni mənzərə formalaşıb:

“Bu gün həmin ərazilərdə bərpa edilmiş yaşayış məntəqələri,
infrastruktur, enerji və qaz xətləri görmək mümkündür. Azərbaycan
bu istiqamətdə mühüm təcrübə əldə edib.
Urbisid anlayışı son 25-30 ildə akademik ədəbiyyatda daha geniş
şəkildə inkişaf etdirilən mövzulardan biridir.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir