Sosial mənzil siyasəti milyonlarla insanın həyatına təsir edən güclü inkişaf alətinə çevrilir – Adil Karaismailoğlu

Baş səhifə

Bakı. Trend:

Türkiyə olaraq biz mənzil məsələsinə uzun illərdir sosial dövlət
anlayışı, planlı şəhərsalma, fəlakətlərə dayanıqlı tikinti və insan
mərkəzli inkişaf yanaşması ilə yanaşırıq. Bizim üçün mənzil tikmək
sadəcə bina inşa etmək deyil, təhlükəsiz evlər yaratmaq, məhəllələr
formalaşdırmaq və vətəndaşları rahat və dayanıqlı yaşayış mühitinə
qovuşdurmaqdır.

Trend xəbər
verir ki, bunu Türkiyə Parlamentinin üzvü Adil Karaismailoğlu
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində
keçirilən “Milli qanunvericilik qlobal mənzil öhdəliklərini real
nəticələrə necə çevirə bilər?” mövzusunda parlament üzvlərinin
dəyirmi masasında deyib.

O bildirib ki, dövlətin həyata keçirdiyi mənzil layihələri
sayəsində vətəndaşlar məscidləri, parkları, gəzinti yolları və
sosial infrastruktur obyektləri olan müasir yaşayış məkanlarına
sahib olurlar:

“Bu təcrübə göstərir ki, sosial mənzil siyasəti düzgün tətbiq
edildikdə milyonlarla insanın həyatına birbaşa təsir edən güclü
inkişaf alətinə çevrilir. Birincisi, mənzil məsələsi konstitusion
və ictimai sosial məsuliyyət sahəsi kimi qəbul edilməlidir. Türkiyə
Respublikasının Konstitusiyası dövlətə şəhərlərin xüsusiyyətlərini
və ətraf mühiti nəzərə alan planlama çərçivəsində mənzil ehtiyacını
qarşılamaq və sosial mənzil təşəbbüslərini dəstəkləmək öhdəliyi
verir. Həmçinin, aşağı gəlirli qruplara üstünlük verilməlidir. Bu
yanaşma göstərir ki, mənzil siyasəti eyni zamanda ədalət
siyasətidir. Bununla yanaşı, əlçatan maliyyələşmə modelləri
hazırlanmalıdır. Mənzil hüququnun reallaşması vətəndaşların ödəmə
qabiliyyətinə uyğun modellərlə mümkündür. Türkiyədə sosial mənzil
layihələrində dövlət zəmanəti ilə uzunmüddətli və aşağı faizli
ödəniş imkanları təqdim olunur”.

Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.

Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.

Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.

WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.

Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir