
Bakı. Trend:
Türkiyə coğrafi mövqeyinə görə, xüsusilə zəlzələ başda olmaqla,
bir çox təbii fəlakət riski ilə üz-üzə olan bir ölkədir.
Trend xəbər
verir ki, bunu Türkiyənin Ətraf Mühitin Mühafizəsi, Şəhərsalma və
İqlim Dəyişikliyi nazirinin müavini Hasan Suver Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində keçirilən “Şəhər
Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha Təhlükəsiz və Daha
Davamlı Şəhərlər üçün BMT-nin Həlləri” adlı konfransda
bildirib.
Onun sözlərinə görə, şəhərsalma siyasətinin mərkəzində yalnız
böyümə və inkişaf deyil, eyni zamanda təhlükəsizlik, dayanıqlılıq,
risklərin azaldılması və fəlakətlərə hazırlıq dayanır:
“Bizim üçün dayanıqlı şəhər yalnız möhkəm binalardan ibarət
şəhər demək deyil. Dayanıqlı şəhər — infrastrukturu, nəqliyyat
sistemi, yaşıl zonaları, sosial obyektləri, iqtisadi həyatı və
ictimai həmrəyliyi ilə böhranlar qarşısında ayaqda qala bilən
şəhərdir. Zəlzələ riski ilə mübarizədə əsas prinsipimiz fəlakət baş
verdikdən sonra müdaxilə etmək deyil, fəlakət baş verməzdən əvvəl
riskləri azaltmaqdır. Bu yanaşma təhlükəsiz tikinti, düzgün torpaq
seçimi, sağlam şəhərsalma planlaması və davamlı infrastruktur
siyasətinə əsaslanır”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

