Ceyhun Bayramov Olaf Skuqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib (FOTO)

Baş səhifə

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa
İttifaqının Avropa Xarici Fəaliyyət Xidmətinin siyasi direktoru və
siyasi məsələlər üzrə Baş katibin müavini Olaf Skuqun rəhbərlik
etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən (XİN) məlumat
verilib.

Bildirilib ki, görüş zamanı Azərbaycan–Avropa İttifaqı
münasibətlərinin cari vəziyyəti və perspektivləri, regional
təhlükəsizlik məsələləri, postmünaqişə dövründə mövcud vəziyyət,
Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesi, habelə
qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər
müzakirə olunub.

Tərəflər Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun
və müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin
əhəmiyyətini vurğulayıblar. Bu çərçivədə enerji təhlükəsizliyi,
nəqliyyat bağlantıları, yaşıl enerji və digər sahələrdə
tərəfdaşlığın daha da genişləndirilməsi üçün mövcud potensial
diqqətə çatdırılıb.

Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyində
oynadığı rol və bu çərçivədə verdiyi töhfələr yüksək
qiymətləndirilib, bərpa olunan enerji mənbələri, enerji
səmərəliliyi və elektrik enerjisi ixracı sahəsində həyata keçirilən
layihələr nəzərdən keçirilib.

Regionun nəqliyyat-kommunikasiya potensialının artırılması və
şaxələndirilməsi məqsədilə mövcud marşrutlar üzrə infrastruktur
imkanlarının genişləndirilməsi və yeni marşrutların yaradılması
istiqamətində atılan addımların əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında yeni ikitərəfli
saziş və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə aparılan danışıqlar
barədə fikir mübadiləsi aparılıb.

Tərəflər regionda davamlı sülh və sabitliyin təmin olunması
istiqamətində aparılan səyləri müzakirə edib, Azərbaycan və
Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinin
irəlilədilməsi məsələləri nəzərdən keçirilib. Bərpa və yenidənqurma
işləri, eləcə də mina təhdidi barədə qarşı tərəfə məlumat verilib.
Olaf Skuq öz növbəsində işğaldan azad edilmiş ərazilərə səfər
təəssüratları ilə bölüşüb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və
regional məsələlər müzakirə olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir