
Bakı. Trend:
Qırğızıstanda tikili və qurğularda seysmik təhlükəsizliyinin
təmin olunmasına əsas prioritetlərimizdən biridir.
Trend xəbər
verir ki, bunu Qırğızıstan Respublikasının Tikinti, Memarlıq və
Mənzil-Kommunal Xidmətləri Nazirinin müavini Talantbek Imanakun
Uulu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində
keçirilən “Şəhər Zəlzələsinə Hazırlığın Gücləndirilməsi Daha
Təhlükəsiz və Daha Davamlı Şəhərlər üçün BMT-nin Həlləri” adlı
konfransda bildirib.
Onun sözlərinə görə, tikinti normaları sistemi ölkə ərazisində
vahid layihələndirmə yanaşmasını təmin edən tikinti norma və
qaydalarını, eləcə də müvafiq standartları özündə birləşdirir:
“Normativ bazanın modernləşdirilməsinin əsas nəticələrindən biri
torpağın pik sürətlənmə xəritələrinin tətbiqi olunmasıdır. Eyni
zamanda, seysmodavamlı tikinti üzrə müasir hesablamalar və
layihələndirmə metodları işlənib hazırlanır. Yeni yanaşmalar
çərçivəsində seysmodavamlı bina və qurğuların hesablanma metodları
təkmilləşdirilmiş, çoxmərtəbəli tikililər üçün icazə verilən
göstəricilər artırılmışdır. Bundan əlavə, 1918 yaşayış məntəqəsi
əhatə olunub, torpaq növü və yerli şəraitdən asılı olaraq pik
sürətlənmə parametrləri müəyyən edilib”.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün dördüncü günü
keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər
görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti
assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı
müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və
Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə
diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya
siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək
səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində
Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın
Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə
hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda
qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv
şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt
və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial bərabərlik və
dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr
aparılıb.
Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri
Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında
qardaşlaşma haqqında memorandumun imzalanması olub.
Həmçinin, WUF tarixində ilk dəfə Azərbaycanın təşəbbüsü ilə “WUF13 QHT Forumu: Qlobal Tərəfdaşlıqlar və Qərarvermə” (“WUF13 NGO
Forum”) keçirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

