
Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə cari
ilin 4 ayında artım tempi yüksəlib.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Sektorda yaradılan əlavə dəyərin həcmi 2 milyard 893 milyon 200
min manat olub. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə
müqayisədə real ifadədə 4,5% və ya 240 milyon 900 min manat
çoxdur.
Nəticədə, nəqliyyat və anbar sektorunun ÜDM-də payı ötən ilin
müvafiq dövrü ilə müqayisədə 0.5 faiz bəndi artaraq 7,3%,
qeyri-neft/qaz ÜDM-də payı isə 10,4% təşkil edib.
Eyni dövr ərzində sektorun gəlirləri real ifadədə 4,6% artaraq 4
milyard 748 milyon 600 min manat olmuşdur.
Qeydə alınan müsbət dinamika ölkədə yol-nəqliyyat
infrastrukturunun modernləşdirilməsi və şəhər mobilliyinin inkişafı
istiqamətində həyata keçirilən layihələrin, eləcə də sektora
yönəldilən investisiyaların real nəticələr verdiyini göstərir. Eyni
zamanda, Azərbaycanın regionda rəqabətədavamlı logistika mərkəzi
kimi mövqeyini gücləndirdiyini və tranzit potensialını uğurla
realizə etdiyini nümayiş etdirir.

