
Bakı. Trend:
Azərbaycanda yanvar – aprel ayları ərzində ölkə üzrə ən yüksək
artım informasiya və rabitə sahəsində qeydə alınıb.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən
məlumat verilib.
Aprel ayının sonuna olan məlumata əsasən, informasiya və rabitə
sektorunun ÜDM-də payı 2,1%-ə, qeyri-neft/qaz ÜDM-də payı isə 3%-ə
yüksəlib.
Sahə üzrə gəlirlərdə də müsbət dinamika müşahidə olunur. Hesabat
dövründə ümumi gəlir 1 milyard 271 milyon 200 min manata çatıb.
Sektorun gəlirləri real ifadədə 9% və ya 127 milyon manat artıb.
Son illərdə sektorun ümumi gəlirlərində informasiya xidmətlərinin
payı artan dinamika üzrə davam edir. Xüsusilə proqram təminatının
işlənməsi və bu sahədə məsləhətlərin verilməsi xidmətləri üzrə
gəlirlərdə 30,8% artım qeydə alınıb ki, bu da sektorun struktur
baxımından daha yüksək dəyərli xidmətlərə keçidini göstərir.
Sektor üzrə investisiya qoyuluşlarında da artım müşahidə olunub.
Hesabat dövründə informasiya və rabitə sektoruna yatırılan
investisiyaların həcmi 76,7% və ya 80 milyon 300 min manat artaraq
185 milyon manat təşkil edib.

