Kolumbiya mediası Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsini qeyd edib

Baş səhifə

Bakı. Trend:

Kolumbiyanın “ZonaCero” rəqəmsal nəşri Azərbaycanda mina
təhlükəsinin yaratdığı humanitar problemə və ölkənin minatəmizləmə
istiqamətində həyata keçirdiyi fəaliyyətə həsr olunmuş məqalə dərc
edib.

Trend-in
məlumatına görə, “Azərbaycan və mina problemi: daha böyük
beynəlxalq həmrəylik tələb edən səbəb” başlıqlı materialda qeyd
olunur ki, təxminən 30 ilə yaxın davam edən işğal nəticəsində
Azərbaycanın 11 667 kvadrat kilometr ərazisi, yəni ölkə ərazisinin
13,4 faizi mina və partlamamış hərbi sursatlarla çirklənmiş
vəziyyətdə qalır.

Nəşr vurğulayır ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsinin
başa çatmasından sonra Azərbaycanda mina hadisələri ilə bağlı 258
insident qeydə alınıb, nəticədə qadınlar və uşaqlar da daxil
olmaqla 420 nəfər zərər çəkib. Son 30 ildə isə ümumilikdə 3 400-dən
çox insan mina qurbanı olub.

“ZonaCero”nun yazdığına görə, Azərbaycan Respublikasının
Minatəmizləmə Agentliyinin (ANAMA) rəhbərliyi ilə Azərbaycan
humanitar minatəmizləmə sahəsində mühüm irəliləyiş əldə edib.
Məqalədə bildirilir ki, artıq mina və müharibənin partlayıcı
qalıqları aşkarlanan 260 min hektardan çox ərazi təmizlənib.

Kolumbiya nəşri həmçinin mina təhlükəsinin məcburi köçkünlərin
təhlükəsiz şəkildə geri qayıtmasına mane olduğunu diqqətə çatdırıb
və humanitar minatəmizləmə məsələlərinin həllində beynəlxalq
əməkdaşlıq və həmrəyliyin genişləndirilməsinin vacibliyini
vurğulayıb.

Bundan əlavə, yazıda Azərbaycanın beynəlxalq humanitar
təşəbbüslərdə də iştirak etdiyi, texniki yardım, avadanlıq
təchizatı və ixtisaslaşdırılmış təlimlər vasitəsilə Ukraynada
minatəmizləmə prosesinə dəstək verdiyi qeyd olunub.

Məqalədə həmçinin bildirilir ki, Azərbaycan və Kolumbiya piyada
əleyhinə minalar problemi ilə üzləşir və bu amil sözügedən sahədə
iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir