
Bakı. Trend:
Bu günlərdə Bakı mötəbər beynəlxalq tədbirə – Birləşmiş
Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasına (WUF13) evsahibliyi edir. Mayın 17-dən başlayan Forum
müasir urbanistik meyarların inkişafına, bu sahədə yeni
əməkdaşlıqların yaranmasına və təcrübə mübadilələrinə xidmət edən
tədbirlərlə əlamətdardır. Forumun mövzusu isə “Hər kəs üçün yaşayış
yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış
məskənləri”dir.
Ümumdünya Şəhərsalma Forumu (WUF) müasir dünyanın üzləşdiyi ən
aktual məsələlərdən birinin – sürətli urbanizasiyanın dövlətlərə,
şəhərlərə, iqtisadiyyatlara təsirlərinin araşdırılması və
tənzimlənməsi məqsədilə 2001-ci ildə BMT tərəfindən təsis edilib.
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan
bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunan
yüksək səviyyəli, açıq və inklüziv platformadır. Ümumdünya
Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi isə
Azərbaycana olan beynəlxalq etimadın və respublikamızın müasir
şəhərsalma və urbanizasiya təcrübəsinin qlobal səviyyədə yüksək
qiymətləndirilməsinin göstəricisidir. Forumda 182 ölkədən 45 mindən
artıq iştirakçının qeydiyyata alınması isə bu tədbirə olan yüksək
beynəlxalq maraqdan xəbər verir. Prezident İlham Əliyevin tədbirin
açılış mərasimindəki çıxışında qeyd etdiyi kimi bu günlər ərzində,
ilk dəfə ölkəmizə səfər edən qonaqların əksər hissəsi ölkəmizi və
paytaxtımızı daha yaxşı tanımaq, şəhərsalmanın inkişafı sahəsində
Azərbaycanda görülən işləri görmək imkanını qazanacaqlar.
Əvvəldə qeyd etdiyim kimi, WUF13 müasir urbanistik meyarların
inkişafına, bu sahədə yeni əməkdaşlıqların yaranmasına və təcrübə
mübadilələrinə xidmət edən tədbirlərlə davam edir. Forumun
respublikamızın şəhərsalma sahəsindəki tarixi irsinin və müasir
uğurlarının təqdimatı baxımından ən mühüm hadisəsi isə Azərbaycan
Prezidenti cənab İlham Əliyevin açılış mərasimində etdiyi çıxışdır.
Dövlətimizin başçısı nitqində xalqımızın zəngin şəhərsalma
tarixinə, milli memarlıq irsinə, müasir şəhərsalma siyasətinin əsas
istiqamətlərinə, urbanizasiya təcrübəsinə, Qarabağ və Şərqi
Zəngəzurun quruculuğuna, Böyük Qayıdış proqramının həyata
keçirilməsinə nəzər saldı. Cənab İlham Əliyevin toxunduğu hər bir
məsələ Azərbaycan xalqının şəhərsalma və memarlıq ənənələrinin, bu
sahədə müasir dövrdə əldə edilən uğurlarımızın mükəmməl təqdimatı
oldu.
Azərbaycan tarixinin qədimliyini və zənginliyini təsdiq edən
amillərdən biri xalqımızın şəhərsalma və memarlıq irsidir. Tarix
boyu mövcud olmuş dövlətlərimiz, əhatə etdiyimiz coğrafiya, karvan
yollarının ərazilərimizdən keçməsi şəhərlərin də yaranmasına və
inkişafına mühüm təsir göstərib. Gəncə, Bakı, Naxçıvan, Qəbələ,
Şəki, Şuşa, Lənkəran kimi şəhərlərimizin tarixi Azərbaycanda köklü
şəhərsalma irsinin olduğunu nümayiş etdirir. Bu şəhərlərdə həm də
xalqımızın milli memarlıq ənənələri formalaşmış və inkişaf
etmişdir. WUF13-ün açılış mərasimində Azərbaycanın coğrafi və
mədəni baxımdan Şərqlə Qərbin qovşağında yerləşdiyini xüsusi
vurğulayan Prezident İlham Əliyev bildirdi ki, bu, ölkəmizin
memarlığında öz əksini tapıb. Dövlətimizin başçısının dediyi kimi,
biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda,
memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.
Bu gün Azərbaycanda inkişafın əsas xüsusiyyətlərindən biri
şəhərsalmanın müasir çağırışlar əsasında həyata keçirilməsidir.
Xüsusən Bakıda görülən işlər, bir vaxtlar “Qara şəhər” adlandırılan
ərazinin “Ağ şəhər” kimi yenidən qurulması, “Sea Breeze” layihəsi,
habelə Bibiheybət və Böyükşorun simasının tamamilə yenilənməsi
respublikamızın həyata keçirdiyi nümunəvi şəhərsalma fəaliyyətinin
göstəriciləridir.
Hazırda Azərbaycan dövlətinin qarşısında dayanan əsas milli
hədəflərdən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması,
keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin
edilməsidir. Təsadüfi deyil ki, Forumda çıxışında cənab Prezident
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına da
xüsusi diqqət çəkərək, bunun hökumətimizin qarşısında duran əsas
vəzifələrdən biri olduğunu bir daha bəyan etdi. Eyni zamanda
dövlətimizin başçısı Ağdamın Xirosima ilə müqayisə olunmasına
diqqət çəkərək bu şəhərin timsalında ermənilər tərəfindən
şəhərlərimizin dağıdılmasının faciəvi miqyasını tədbir
iştirakçılarının diqqətinə çatdırdı.
Ümumiyyətlə, torpaqlarımızın işğaldan azad edilməsi
respublikamızda şəhərsalma fəaliyyəti ilə bağlı qarşıda duran
vəzifələri də yeniləyib. Artıq altıncı ildir ki, Azərbaycan dövləti
özünün imkanları hesabına Qarabağ və Şərqi Zəngəzur iqtisadi
rayonlarını müasir çağırışları rəhbər tutan məskunlaşma və
şəhərsalma prinsipləri əsasında bərpa edir. Bu ərazilərdəki bütün
şəhərlər müfəssəl Baş planlar əsasında yenidən qurulur. Baş
planların hər birində şəhərin özünəməxsusluğu və coğrafi
xüsusiyyətləri nəzərə alınıb. Ötən müddətdə Füzuli, Cəbrayıl, Şuşa,
Zəngilan, Ağdamda görülən işlər şəhərsalmanın, o cümlədən kəndlərin
yenidənqurulması ilə bağlı həyata keçirilən layihələr
məskunlaşmanın parlaq nümunələridir. Prezident İlham Əliyevin
nitqində işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı
diqqətə çatdırdığı məqamlar, o cümlədən, 85 mindən artıq
vətəndaşımızın bu ərazilərdə yaşaması, işləməsi və təhsil alması
Azərbaycanın müasir urbanizasiya təcrübəsinin mühüm
göstəriciləridir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü
Sessiyasının açılış mərasimində etdiyi çıxış Azərbaycanın
milli-mənəvi dəyərlərə və müasir prinsiplərə əsaslanan şəhərsalma
və məskunlaşma siyasətini beynəlxalq ictimaiyyətə nümayiş etdirdi.
Dövlətimizin başçısının vurğuladığı məqamlar respublikamızda həyata
keçirilən quruculuq proseslərinin milli kimliyin qorunması, ekoloji
tarazlıq və innovativ idarəetmə prinsipləri əsasında
formalaşdırıldığını aydın şəkildə ortaya qoyur. Bütün bunlar həm də
Azərbaycanın dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini, sağlam,
komfortlu və təhlükəsiz yaşayış mühitinin formalaşdırılması
istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasəti aydın şəkildə
əks etdirir. Bu baxımdan, Azərbaycanın inkişaf təcrübəsi beynəlxalq
səviyyədə nümunəvi model kimi böyük maraq doğurur.
Ümumilikdə, cənab Prezidentin səsləndirdiyi fikirlər
Azərbaycanın qlobal çağırışlara cavab verən, müasir və inklüziv
inkişaf modelinə malik dövlət kimi mövqeyini daha da gücləndirmiş
oldu.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

