Bakıda keçirlən WUF13 yüksək səviyyədə təşkil olunub – Özbəkistanlı hökumət nümayəndəsi

Baş səhifə

Bakı.Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu WUF13 çərçivəsində
fəal təmsil olunan ölkələrdən biri də Özbəkistan olub.
Respublikanın nümayəndə heyəti şəhərlərin dayanıqlı inkişafı və
müasir urbanistika mövzularına həsr olunmuş ixtisaslaşmış
sessiyalarda, beynəlxalq dialoqlarda və təqdimatlarda iştirak
edir.

Özbəkistanın Urbanizasiya və Mənzil Bazarı üzrə Dayanıqlı
İnkişaf Milli Komitəsinin nümayəndəsi Əziz Erkaboyev Trend-ə müsahibəsində
bildirib ki, forumda iştirak özbək tərəfi üçün xüsusilə məhsuldar
olub.

Onun sözlərinə görə, Özbəkistan nümayəndə heyəti təxminən 50
mütəxəssisdən ibarət olub və onların hər biri forumun müxtəlif
istiqamətləri üzrə – tematik müzakirələrdən təqdimat tədbirlərinə
və ekspert görüşlərinə qədər – fəaliyyət göstərib.

“Biz forumu çox məhsuldar qiymətləndiririk. Nümayəndə heyətinin
hər bir üzvünün öz funksiyası var idi, onlar dialoqlarda,
tədbirlərdə və sessiyalarda iştirak edirdilər. Nümayəndə heyətinin
bir hissəsi artıq işini başa vuraraq Özbəkistana qayıdıb, digərləri
isə forum proqramında iştiraklarını davam etdirirlər”, – deyə o
vurğulayıb.

Əziz Erkaboyev Bakıda keçirilən WUF13-ün təşkilat səviyyəsini də
yüksək qiymətləndirərək forumun ən yüksək səviyyədə keçirildiyini
bildirib.

Özbəkistan nümayəndəsi gələcək şəhər inkişafı məsələlərinə
xüsusi diqqət ayırıb. Onun sözlərinə görə, ölkə tədricən xaotik və
nöqtəvi tikintidən uzaqlaşaraq ərazilərin kompleks planlaşdırılması
modelinə keçir.

“Bu gün Özbəkistan artıq xaotik tikinti prinsipi ilə inkişaf
etmir. Biz su ehtiyatları, baş planlar və master-planlar, kommunal
infrastruktur, məktəblərin, uşaq bağçalarının və yaşayış
binalarının tikintisi nəzərə alınmaqla ərazilərin kompleks inkişafı
üzərində işləyirik”, – deyə o qeyd edib.

Forumda təqdim olunan əsas layihələrdən biri təxminən 2000
hektar ərazidə həyata keçirilən genişmiqyaslı urbanistik layihə
“Yeni Daşkənd” maketi olub.

Erkaboyevin sözlərinə görə, ərazinin əhəmiyyətli hissəsi artıq
tikilib. Layihəyə biznes mərkəzləri, stadionlar, muzeylər,
universitetlər, parklar və müasir yaşayış məhəllələri daxildir.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir