Mənzil təminatı böhran sonrası bərpanın əsas prioritetidir – Emin Hüseynov

Baş səhifə

Bakı. Trend:

Mənzil təminatı böhranlardan sonrakı bərpa və yenidənqurma
proseslərinin əsas prioritetlərindən biridir.

Trend xəbər
verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov WUF13
çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma
proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında
deyib.

E.Hüseynov qeyd edib ki, Azərbaycan üçün bu mövzu xüsusi
əhəmiyyət daşıyır:

“Otuz ilə yaxın müddətdə məcburi köçkünlər bir gün öz evlərinə
və icmalarına qayıdacaqları ümidi ilə yaşayıblar. İşğaldan azad
edilmiş ərazilərdə şəhər və kəndlər tamamilə dağıdılıb. Bəzi
rayonlarda dağıntıların miqyası o qədər böyük olub ki, nəticədə
viran qalmış şəhər mühiti və çökmüş mənzil sistemləri yaranıb”.

Onun sözlərinə görə, bərpa yalnız binaların yenidən tikilməsi
ilə məhdudlaşmır:

“Bərpa prosesi insanların öz doğma torpaqlarında gələcəklərini
yenidən təsəvvür edə bildikləri, aidiyyət hissini bərpa etdikləri
zaman başlayır. Bu gün Azərbaycan regionun ən böyük yenidənqurma və
qayıdış proqramlarından birini həyata keçirir”.

Xüsusi nümayəndə vurğulayıb ki, bərpa və yenidənqurma işlərinə
artıq əhəmiyyətli maliyyə vəsaitləri ayrılıb:

“Təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və
kəndlər davamlılıq, inklüzivlik və dayanıqlılıq prinsiplərinə
əsaslanan uzunmüddətli baxış əsasında yenidən qurulur. Bizim
yanaşmamız bir əsas prinsipə söykənir – mənzil məsələsi ilk sırada
dayanmalıdır. Çünki mənzil insanlara ləyaqət, sabitlik və gələcəyə
inam qazandırır”.

E.Hüseynov bildirib ki, ailələr təhlükəsiz evlərə qayıtdıqda
məktəblər yenidən fəaliyyətə başlayır, yerli iqtisadiyyat canlanır,
sosial əlaqələr bərpa olunur və icmalar gələcəyə daha böyük inamla
baxırlar. Onun sözlərinə görə, artıq xeyli sayda keçmiş məcburi
köçkün yenidən qurulan yaşayış məntəqələrinə qayıdıb və qarşıdakı
illərdə daha çox insanın geri dönməsi gözlənilir: “Yeni yaşayış
məhəllələri, məktəblər, səhiyyə müəssisələri və digər ictimai
xidmətlər istifadəyə verilir. Bütün bunlar normal həyatın bərpasına
yönəlmiş genişmiqyaslı fəaliyyətin tərkib hissəsidir”.

Xüsusi nümayəndə əlavə edib ki, yenidənqurma prosesi keçmişdə
mövcud olmuş zəiflikləri təkrarlamamalıdır:

“Biz daha yaxşı, daha “ağıllı” və daha dayanıqlı şəhər
sistemləri qurmalıyıq. Buna görə də Azərbaycan yenidənqurma
prosesinə müasir şəhərsalma yanaşmalarını, yaşıl enerji həllərini,
rəqəmsal idarəetməni və dayanıqlı infrastruktur elementlərini
inteqrasiya edir”.

O bildirib ki, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları
çərçivəsində Ağdam, Füzuli və Xocavənd rayonlarında texnologiya
əsaslı və dayanıqlı yaşayış məkanları yaradılır: “Başkənd və Tuğ
kəndləri bu istiqamətdə qabaqcıl nümunələrdəndir. Həyata keçirilən
layihələr bərpa olunan enerji həllərini, GPON texnologiyası
əsasında qurulan yüksəksürətli fiber-optik internet
infrastrukturunu, müasir sosial obyektləri və ekoloji baxımdan
məsuliyyətli şəhərsalma yanaşmalarını özündə birləşdirir”.




Onun sözlərinə görə, günəş enerjisi və milli elektrik şəbəkəsi
əsasında qurulan hibrid enerji sistemləri, eləcə də ikitərəfli
elektrik sayğacları Azərbaycanda ilk dəfə tətbiq olunur.

“Bundan əlavə, yüzlərlə fərdi qazanxananı əvəz edən daha
təhlükəsiz və enerjiyə qənaət edən mərkəzləşdirilmiş istilik
sistemləri qurulur. Sakinlər istiliyi müstəqil şəkildə tənzimləyə
və yalnız faktiki istehlaka görə ödəniş edə bilirlər. Bu isə enerji
itkilərinin və karbon emissiyalarının əhəmiyyətli dərəcədə
azalmasına imkan yaradır”, – deyə E.Hüseynov vurğulayıb.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir