
Bakı. Trend:
Böhranlardan sonrakı bərpa prosesində mənzil məsələsi həm
sosial, həm də iqtisadi baxımdan həlledici əhəmiyyət daşıyır, lakin
bu sahədə uğurlu nəticə əldə etmək üçün hər bir ölkənin və regionun
özünəməxsus şəraiti nəzərə alınmalıdır.
Trend xəbər
verir ki, bunu Münaqişə və Humanitar Araşdırmalar Mərkəzinin qurucu
direktoru, Qətərin Doha şəhərində yerləşən Doha Ali Tədqiqatlar
İnstitutunun professoru Sultan Barakat WUF13 çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma proseslərinin
mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında deyib.
O bildirib ki, mənzil siyasəti qlobal və ümumi yanaşmalar
əsasında deyil, konkret şəraitə uyğun formalaşdırılmalıdır.
“Hamımız anlayırıq ki, mənzil bərpanın mərkəzində dayanır. O,
həm də bərpa prosesindən keçən ölkənin iqtisadiyyatının əsas
komponentlərindən biridir. Mənzilin sosial dəyəri də danılmazdır.
Lakin əsas məsələ bunu necə reallaşdırmaqdır. Bunun üçün hər bir
kontekstə uyğun yanaşma tətbiq edilməli, mənzil məsələsinə ümumi və
şablon yanaşmalardan imtina olunmalıdır”, – deyə o vurğulayıb.
Professorun sözlərinə görə, əgər ölkədə siyasi razılaşma əldə
olunubsa, sülh müqaviləsi mövcuddursa, müəyyən sabitlik təmin
edilibsə və hökumət əhalinin konkret ərazilərdə daimi
məskunlaşmasını dəstəkləyirsə, bərpa prosesi daha asan həyata
keçirilir.
“Belə şəraitdə məsələ daha çox strategiyaların və texniki
yanaşmaların düzgün seçilməsindən ibarət olur. Lakin mübahisəli
ərazilərdə və ya etnik təmizləmə, yaxud başqalarının torpaqlarını
ələ keçirmək kimi məqsədlərlə müşayiət olunan münaqişə şəraitində
vəziyyət daha mürəkkəb olur”, – deyə o qeyd edib.
S.Barakat bildirib ki, bu kimi hallarda beynəlxalq təşkilatlar
və BMT sistemi adətən humanitar yanaşmaya üstünlük verir.
“Humanitar çərçivə həyatların xilas edilməsinə imkan yaradır və
siyasi nəticələrə görə məsuliyyət daşımamaq imkanı verir. Lakin
bəzi hallarda bu yanaşma müəyyən ədalətsizliklərin və ya beynəlxalq
hüquqa tam uyğun olmayan siyasi nəticələrin dolayı yolla
legitimləşdirilməsi riskini də yaradır”, – deyə o bildirib.
Onun fikrincə, bu yanaşmanın əsas çatışmazlıqlarından biri
insanların təşəbbüskarlıq və qərarvermə imkanlarını
zəiflətməsidir.
“Mənzil təminatının həyata keçirilməsi üçün iki əsas amil
lazımdır: insanların öz hökumətləri, bələdiyyələri və digər
tərəfdaşlarla birlikdə hərəkət etmək iradəsini və təşəbbüskarlığını
qoruyub saxlaması, həmçinin bunun üçün zəruri resursların
mövcudluğu”, – deyə professor vurğulayıb.
S.Barakat qeyd edib ki, mövcud humanitar sistem daha çox
insanların həyatını xilas etməyə yönəlib, lakin onların
motivasiyasının, təşkilatlanmaq bacarığının və gələcəyə inamının
qorunmasına daha az diqqət yetirir.
“İlk texniki müdaxilə məhz burada həyata keçirilməlidir. Məcburi
köçkünlüyün ilk günündən etibarən diqqət gələcəkdə necə yenidən
qurulacağımıza yönəlməlidir. Çünki insanların düşüncəsində olan
əsas məsələ məhz budur”, – deyə o bildirib.
Professorun sözlərinə görə, məcburi köçkün ailələri sabitlik
əldə etdikdən dərhal sonra gələcək və yenidənqurma haqqında
düşünməyə başlayırlar.
“İnsanların yenidənqurma barədə düşünməyə başladığı məqamla
bizim planlaşdırma proseslərimiz arasında boşluq yaranmasına imkan
verməməliyik. Hətta ilkin mərhələdə həyata keçirilən yumşaq
müdaxilələr belə insanların təşkilatlanmaq, motivasiyalarını
qorumaq və cəmiyyətin kənarında qalmamaq imkanlarını
gücləndirməlidir.
Bu, onların irəliyə doğru addımlamasına ciddi dəstək verəcək”, –
deyə S.Barakat əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

