
Bakı. Trend:
Sıx məskunlaşmış şəhər mühitlərində müvəqqəti sığınacaqlara
yerləşdirilən insanların uzun müddət çadır düşərgələrində və ya
ictimai məkanlarda qalmasının ciddi problemlər yaradır.
Trend xəbər
verir Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunda (IIED)
Tədqiqat və Strateji Təsir üzrə direktor Lusi Erl WUF13
çərçivəsində keçirilən “Böhranlardan sonrakı bərpa və yenidənqurma
proseslərinin mərkəzində mənzil məsələsi” mövzusunda çıxışında
deyib.
O bildirib ki, belə vəziyyətlərdə insanlar çox vaxt illərlə
müvəqqəti sığınacaqlarda qalmağa məcbur olurlar və bu, xüsusilə
Port-o-Prins (Haiti) kimi şəhərlərdə daha kəskin şəkildə müşahidə
olunub.
L.Erl vurğulayıb ki, böhran vəziyyətlərində tez-tez “insanların
evlərinə qayıdacağı” düşüncəsi üstünlük təşkil edir, lakin
reallıqda bir çox insan artıq məskunlaşdığı şəhərlərdə qalmağı
seçir və orada həyat qurur.
Onun sözlərinə görə, bu yanaşma dəyişmədiyi halda, köçkünlərin
“müvəqqəti sakin” kimi qəbul edilməsi onların şəhər həyatına
inteqrasiyasını çətinləşdirir və xidmətlərin planlaşdırılmasına
mənfi təsir göstərir.
Direktor qeyd edib ki, humanitar sistemdə əsas problemlərdən
biri torpaq və mülkiyyət hüquqlarının kifayət qədər nəzərə
alınmamasıdır.
“Biz hər bir şəhərin kontekstini və torpaq hüquqları sistemini
düzgün başa düşməliyik. Təəssüf ki, çox vaxt yalnız rəsmi
sənədlərlə təsdiqlənmiş mülkiyyət hüququ olan insanlar üçün həllər
nəzərdə tutulur. Halbuki ən həssas qruplar – kirayəçilər və
qeyri-rəsmi məskunlaşanlar bu çərçivədən kənarda qalır”, – deyə o
bildirib.
L.Erl həmçinin qeyd edib ki, böyük miqyaslı köçkünlük hallarında
inşa edilən yaşayış məntəqələrinin düzgün planlaşdırılmaması ciddi
nəticələrə gətirib çıxarır.
“İş yerlərindən və infrastrukturdan uzaq salınan yaşayış
massivləri çox vaxt istifadəsiz qalır və “boş şəhərlərə” çevrilir.
Xüsusilə bəzi qaçqın düşərgələri iqtisadi imkanlardan uzaq
yerləşdirildiyi üçün şəhərə çevrilə bilmir”, – deyə o
vurğulayıb.
Onun sözlərinə görə, qaçqın düşərgələrini şəhərə çevirmək
ideyası hər zaman real olmur.
“Əgər insanların sərbəst hərəkət etmək imkanı və dolanışıq üçün
iqtisadi fəaliyyətə çıxışı yoxdursa, o məkan şəhərə çevrilə
bilməz”, – deyə L.Erl bildirib.
O əlavə edib ki, gələcəkdə əsas diqqət köçkünlərin şəhərlərdən
kənara deyil, mövcud şəhər və qəsəbələrə inteqrasiyasına
yönəlməlidir.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

