
Bakı. Trend:
Mayın 20-də ölkəmizdə səfərdə olan Esvati Kralı Əlahəzrət III
Msvatini ilə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir
İbrahimov arasında görüş keçirilib.
Görüş çərçivəsində Azərbaycan ilə Esvatini Krallığı arasında
münasibətlərin inkişaf perspektivləri barədə fikir mübadiləsi
aparılıb. Xüsusilə dağ-mədən sənayesində əməkdaşlıq imkanları,
geoloji kəşfiyyat və qiymətləndirmə sahəsində qabaqcıl təcrübənin
tətbiqi, həmçinin potensial birgə layihələrin həyata keçirilməsi
məsələləri müzakirə olunub.
Nümayəndə heyətləri mineral ehtiyatların kəşfiyyatı, mədənlərin
işlənməsi və emal zənciri üzrə əlavə dəyərin yaradılması, eləcə də
mineral ehtiyatların xəritələşdirilməsi istiqamətində əməkdaşlıq
imkanlarını nəzərdən keçiriblər. Görüşdə dağ-mədən sahəsi üzrə
əlaqələrin genişləndirilməsi və təcrübə mübadiləsinin
gücləndirilməsinin hər iki ölkə üçün faydalı olacağı qeyd
edilib.

