WUF13 çərçivəsində “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13)
çərçivəsində “Şəhərlər üçün izahlı lüğətin” təqdimat mərasimi
keçirilib.

Trend xəbər
verir ki, lüğətin hazırlanmasında əsas məqsəd şəhərsalma üzrə
qlobal müzakirələri formalaşdıran əsas şəhərsalma anlayışları
haqqında aydın və sistemli təsəvvür yaratmaqdır.

“Şəhərsalma Terminlərinin İzahlı Lüğəti” dayanıqlı şəhərsalma,
BMT-nin dayanıqlı inkişaf gündəliyi, şəhərlər, yaşayış məskənləri
üzrə geniş diskurs zamanı istifadə olunan əsas terminlərin sistemli
izahından ibarətdir. “Şəhərsalma Terminlərinin İzahlı Lüğəti”
praktiki istinad mənbəyi kimi nəzərdə tutulub.

Təqdimat mərasimində çıxış edən Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Şöbə müdiri Ramil Cahangirov bildirib ki, lüğətin
hazırlanması dəyərli bir təşəbbüsdür:

“Son beş ildə, hətta daha uzun müddətdir ki, biz beynəlxalq
tərəfdaşlarla fəal əməkdaşlıq edirik. Təkcə biz deyil, xüsusilə
gənc memarlar, gənc şəhərsalma mütəxəssisləri və şirkətlər də
beynəlxalq tərəfdaşlarla sıx işləyirlər.

Belə bir şəraitdə ortaq peşə dilinin olması son dərəcə vacibdir.
Məhz buna görə də biz bu lüğəti memarlar, şəhərsalma mütəxəssisləri
və bu sahəyə maraq göstərən hər kəs üçün çox faydalı və praktik bir
alət hesab edirik. Bu vəsait terminologiyanın vahidləşdirilməsinə,
anlayışların daha düzgün başa düşülməsinə və müasir tendensiyalarla
bağlı əsas anlayışların mənimsənilməsinə kömək edəcək”.

O əlavə edib ki, bu lüğət tələbələr və akademik mühit üçün də
çox faydalıdır.

Qeyd edək ki, nəşr Şəhərsalma Komitəsi və Arxitektura Komitəsi,
Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Azərbaycan
Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun
alimləri tərəfindən rəy və ekspertiza baxımından
qiymətləndirilib.

Təqdimat mərasimində həmçinin çıxışçılar yeni lüğətlə bağlı
fikirlərini səsləndiriblər. Yekunda tədbir iştitakçılarına yeni
lüğət hədiyyə edilib.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir