Bakıda müntəzəm avtobus marşrutları ilə ildə 500 milyon sərnişin daşınır – Tərlan Səfərov

Baş səhifə

Bakı.Trend:

Bakıda ictimai nəqliyyatın inkişafı istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində avtobus zolaqlarının uzunluğu 114
kilometrə çatıb, illik sərnişindaşıma həcmi isə 500 milyon nəfəri
ötüb.

Trend xəbər
verir ki, bu fikirləri AYNA-nın Bakı Regional İdarəsinin rəisi
Tərlan Səfərov WUF13 çərçivəsində Bakı şəhərinin Baş Planına həsr
olunmuş tədbirdə səsləndirib.

Onun sözlərinə görə, paytaxtda avtobus nəqliyyatı sisteminin
modernləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə
olunub:

“Hazırda şəhər küçələrində 368 ekoloji təmiz avtobus fəaliyyət
göstərir və 114 kilometr uzunluğunda avtobus zolaqları yaradılıb.
Bunun nəticəsində gündəlik sərnişin daşımalarının həcmi 32 faiz
artıb və hər gün təxminən 2300 avtobus xəttə çıxır.

Şəhərdə aktiv mobilliyin inkişafı da əsas prioritetlərdən
biridir. Bu günədək 65 kilometr uzunluğunda velosiped yolu inşa
etmişik və yaxın müddətdə bu göstəricini 100 kilometrə çatdırmağı
planlaşdırırıq. Həmçinin 1000-dən çox velosiped və mikromobillik
vasitəsi üçün parklanma məntəqəsi quraşdırılıb”, – deyə o
vurğulayıb.

AYNA rəsmisinin sözlərinə görə, görülən işlərin nəticəsində
mikromobillik vasitələri şəhər mərkəzində qısa məsafəli səfərlərin
təxminən 20 faizini təşkil edir:

“İndiyədək 4 milyondan çox səfər qeydə alınıb, istifadəçilərin
sayı isə 540 min nəfəri ötüb. Bu göstəricilər göstərir ki, insanlar
müvafiq infrastruktur yaradıldıqda dayanıqlı nəqliyyat həllərindən
istifadəyə hazırdırlar. Piyadaların rahatlığı və təhlükəsizliyinin
artırılması məqsədilə İslam Səfərli küçəsində piyada yönümlü
yenidənqurma işləri tamamlanıb və digər ərazilərdə də analoji
layihələrin həyata keçirilməsi nəzərdə tutulur”.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.




Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir