WUF13-də şəhərsalmanın yenidən qurulması mövzusunda panel keçirilib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası
(WUF13) çərçivəsində “Şəhərsalmanın yenidən qurulması: Azərbaycanda
şəhər transformasiyası üçün innovasiya laboratoriyasını necə
yaratdı” mövzusunda panel təşkil olunub.

Trend xəbər
verir ki, paneldə Azərbaycan və beynəlxalq ekspertlər işğaldan azad
edilmiş ərazilərdə aparılan şəhərsalma və yenidənqurma
proseslərindən danışıblar.

Sessiyada çıxış edən Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin şöbə müdiri Ramil Cahangirov bildirib ki, baş planların
hazırlanması təkcə planlaşdırma deyil, həm də şəhərlərin gələcək
inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi deməkdir. Onun
sözlərinə görə, bu prosesdə “Chapman Taylor” və “SAI Partners” kimi
beynəlxalq şirkətlərlə əməkdaşlıq edilib və müxtəlif şəhərlərə
fərqli memarlıq yanaşmaları tətbiq olunub.

Ramil Cahangirov Zəngilan, Qubadlı və Kəlbəcərdə “15 dəqiqəlik
şəhər” və “yaşıl şəhər” konseptlərinin tətbiq olunduğunu, yeni
yaşayış məhəllələri, məktəblər və uşaq bağçalarının artıq
tikildiyini və ya inşa mərhələsində olduğunu qeyd edib. O, əsas
məqsədin məcburi köçkünlərin təhlükəsiz və rahat yaşayış şəraitinə
qayıdışını təmin etmək olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov baş planların
hazırlanmasının uzunmüddətli və mürəkkəb proses olduğunu bildirib.
Onun sözlərinə görə, müharibədən sonrakı bərpa işləri məhdud zaman
çərçivəsində həyata keçirildiyi üçün Azərbaycan paralel öyrənmə və
icra modelini tətbiq etməli olub.

Aydın Kərimov qeyd edib ki, Prezident Administrasiyasının
rəhbərliyi ilə yaradılan Əlaqələndirmə Qərargahı bütün proseslərin
vahid mərkəzdən idarə olunmasına şərait yaradıb. O, həmçinin Şuşada
memarlıq yanaşmasında milli irsin qorunmasına xüsusi diqqət
yetirildiyini, yerli daş materiallarından istifadə olunduğunu və
şəhərin həm estetik, həm də funksional baxımdan müasir yaşayış
mühitinə çevrildiyini bildirib.

Paneldə çıxış edən Şəhərsalma və Planlaşdırma Agentliyi təsisçi
tərəfdaşı Dunja Kovari isə Zəngilanın Baş planının əsas ideyasının
təbiətlə inteqrasiya olduğunu vurğulayıb. Onun sözlərinə görə,
şəhər planlamasında ağacların qorunması, “soyuq hava dəhlizləri”
konsepti və dağlıq ərazilərə uyğun şəhər regenerasiyası əsas
prinsip kimi götürülüb. Kovari Kəlbəcərdə “alp tipologiyası”
yanaşmasının tətbiq edildiyini, bunun təbiət və dağ mühitinə uyğun
balanslı yaşayış modeli yaratdığını bildirib. O, həmçinin Bakıda
avtomobildən asılılığın azaldılması və ictimai məkanların insanlar
üçün daha əlverişli hala gətirilməsinin vacibliyini qeyd edib.

Beləliklə, sessiyada çıxışlar ümumilikdə Azərbaycanın
postmünaqişə dövründə şəhərsalma modelini innovasiya, davamlılıq və
sosial inteqrasiya üzərində qurduğunu nümayiş etdirib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.




Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir