Daha bir nəslin gecəqondularda doğulmasınıəa imkan verməməliyik – Anaklaudia Rossbax

Baş səhifə

Bakı. Trend:

Daha bir nəslin gecəqondularda doğulmasını qəbul edə bilmərik və
buna imkan verməməliyik.

Trend xəbər
verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı
direktoru Anaklaudia Rossbax Bakıda BMT-nin Ümumdünya Şəhərsalma
Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Uşaq və Gənclərin
Dəyirmi Masası” adlı tədbirdə deyib.

O bildirib ki, bu məsələ UN-Habitat-ın 2026–2029-cu illəri əhatə
edən yeni strateji planına başlayarkən, Yeni Şəhər Gündəliyinin son
10 ildə hansı nəticələr verdiyini nəzərdən keçirərkən və uşaqların,
gənclərin hansı şəkildə geridə qaldığını qiymətləndirərkən
qarşımızda duran əsas çağırışlardan biridir:

“Gecəqonduda yaşayan bir uşaq hər gün məktəbə getməlidir, amma
yaxınlıqda məktəb yoxdur və ya məktəb çox uzaqdadır, nəqliyyat isə
yoxdur. Uşaq məktəbdən evə qayıdır və ev tapşırığı etməlidir, amma
təhlükəsiz və uyğun şərait yoxdur, çünki yaşayış şəraiti olduqca
ağırdır. Yağış yağır və ev su altında qalır, elektrik enerjisi
kəsilir. Yaxud COVID dövründə olduğu kimi yeni bir pandemiya baş
verir və həmin uşağın internetə və ya rəqəmsal imkanlara çıxışı
olmadığından dərslərə qoşulmaq imkanı olmur”.

İcraçı direktorun sözlərinə görə, missiyalarım zamanı artıq
küçələrdə yaşayanların yalnız təkcə kişilər olmadığını görüb:

“Getdikcə daha çox qadınlar, uşaqlar və bütöv ailələr küçələrdə
yaşayır. Onların, demək olar ki, heç bir şansı yoxdur. Qeyri-rəsmi
yaşayış məntəqələrində və ya küçələrdə yaşayan uşaqlar nə qədər
tez-tez xəstələnirlər? Onların yaxınlıqda klinikası, səhiyyə
xidməti, yaxud daha ixtisaslaşmış tibbi yardıma çıxışı varmı? Çox
vaxt yoxdur. Belə bir şəraitdə həmin uşağın təhsilini davam
etdirməsi necə mümkün ola bilər?

Bir də universitetə qəbul olan və ya yeni işə başlayan gənci
düşünək. O, yeni şəhərdə yaşayış yeri axtarır və başa düşür ki,
kirayə haqqını ödəyə bilmir. Mənzil almaq isə ümumiyyətlə mümkün
deyil. Nəticədə nə işə başlaya bilir, nə də təhsilini davam etdirə
bilir.

Mən sadəcə istəyirəm ki, biz bu insanların həyatını görək,
onların hiss etdiklərini anlayaq və burada müzakirə etdiyimiz
məsələlərin nə qədər təcili və həyati əhəmiyyət daşıdığını hiss
edək”.

A.Rossbax qeyd edib ki, WUF13 bu məqsədləri daha yüksək
səviyyəyə çıxarmağa kömək edə bilər.




Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir