Qlobal mənzil siyasətləri konkret büdcə və tədbirlərlə dəstəklənməlidir – UN-Habitatın sabiq direktoru

Baş səhifə

Bakı. Trend:

Qlobal mənzil siyasətləri konkret büdcə və tədbirlərlə
dəstəklənməlidir.

Trend xəbər
verir ki, bunu Kuala Lumpurun sabiq meri, BMT-nin Məskunlaşma
Proqramının (UN-Habitat) sabiq icraçı direktoru Maimunah Mohd Şərif
Bakıda WUF13 çərçivəsində keçirilən “Çoxtərəflilik vasitəsilə
mənzil siyasətinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə
doğru” mövzusunda çıxışında deyib.

O bildirib ki, qlobal öhdəliklərin və beynəlxalq gündəliyin
yerli səviyyədə, təkcə şəhərlərdə deyil, kəndlərdə də həyata
keçirilməsi üçün şaquli və üfüqi inteqrasiya vacibdir. Şaquli
inteqrasiya beynəlxalq səviyyədən yerli səviyyəyə qədər
siyasətlərin uyğunlaşdırılmasını, üfüqi inteqrasiya isə icmaların,
özəl sektorun və vətəndaşların qərarların qəbulunda iştirakını
nəzərdə tutur.

M.Şərif qeyd edib ki, Malayziyada Dayanıqlı İnkişaf
Məqsədlərinin 11-ci məqsədi (SDG11) və Yeni Şəhər Gündəliyi əvvəlcə
ölkənin beşillik inkişaf planına daxil edilir, daha sonra ştatların
planlaşdırma siyasətlərinə və yerli idarəetmə orqanlarının
fəaliyyətinə inteqrasiya olunur.

“Strategiyaların və siyasətlərin qəbul edilməsi kifayət deyil.
Onların icrası üçün konkret büdcə ayrılmalıdır. Məsələn, Kuala
Lumpur Şəhər Administrasiyasının 2026-cı il büdcəsində əlçatan
mənzil layihələri üçün 300 milyon Malayziya rinqiti, kiçik
sahibkarların və ticarətçilərin dəstəklənməsi üçün isə 200 milyon
rinqit vəsait nəzərdə tutulmuşdu. Siyasətlərin real nəticə verməsi
üçün onların praktik tədbirlərə çevrilməsi vacibdir. Əks halda, bu
sənədlər sadəcə kağız üzərində qalacaq”, – deyə o vurğulayıb.

Sabiq icraçı direktorun sözlərinə görə, mənzil siyasətlərinin
milli və şəhər səviyyəsində həyata keçirilməsi üçün əlverişli
normativ baza formalaşdırılmalı, investorların və maliyyə
institutlarının bu sahəyə marağını artıran mexanizmlər
yaradılmalıdır.

O, dövlət, özəl sektor və vətəndaşların əməkdaşlığına əsaslanan “4P” prinsipinin əhəmiyyətini də qeyd edib:

“Biz yalnız dövlət-özəl tərəfdaşlığı ilə kifayətlənməməliyik.
Dövlət, özəl sektor və insanların iştirakını özündə birləşdirən
tərəfdaşlıq modeli qurulmalıdır. Yerli icmaların proseslərə cəlb
edilməsi uğurun əsas şərtlərindən biridir”.

M.Şərif əlavə edib ki, əlçatan mənzil sahəsində ixtisaslaşmış
qurumların fəaliyyəti, güclü liderlik, peşəkar kadr potensialı və
şəffaf idarəetmə şəhər inkişafının əsas dayaqlarıdır.

O, həmçinin gələcək Ümumdünya Şəhərsalma Forumlarında uğurlu
şəhər təcrübələrinin daha geniş şəkildə təqdim olunmasının
vacibliyini vurğulayıb.




“Biz eyni problemlərin həlli üçün hər dəfə yeni model yaratmağa
çalışmamalıyıq. Uğurlu təcrübələri paylaşmalı, onları öyrənməli və
şəhərlərimizin xüsusiyyətlərinə uyğun şəkildə tətbiq etməliyik”, –
deyə o əlavə edib.

Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.

Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.

Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.

Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.

WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.

Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.

Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.

Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir