
Bakı.Trend:
Əmlakın ədalətli vergiyə cəlb olunması yalnız fiskal alət deyil,
həm də şəhər dəyərinin cəmiyyət daxilində bölüşdürülməsi
mexanizmidir.
Trend xəbər verir
ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13)
çərçivəsində təşkil olunan “Dayanıqlı şəhər inkişafı amili kimi
ədalətli əmlak vergitutması” mövzusunda panel müzakirəsində
Azərbaycan Qiymətləndiricilər Palatasının sədri Nüsrət İbrahimov
deyib.
Onun sözlərinə görə, müasir beynəlxalq təcrübə göstərir ki,
şəhərlərdə formalaşan əlavə dəyərin bir hissəsinin yenidən şəhər
mühitinin inkişafına yönəldilməsi davamlı urbanizasiyanın əsas
maliyyə dayaqlarından biridir.
N.İbrahimov qeyd edib ki, torpaq və daşınmaz əmlakın dəyəri
yalnız mülkiyyətçilərin fəaliyyəti hesabına deyil, həm də dövlət
investisiyaları, nəqliyyat infrastrukturunun inkişafı, ictimai
xidmətlər, təhlükəsiz “yaşıl” zonalar və səmərəli şəhərsalma
planlaşdırılması sayəsində formalaşır.
“Bu baxımdan əmlak vergisi yaradılmış şəhər dəyərinin bir
hissəsinin ictimai maliyyəyə qaytarılması alətidir. Məhz bu yanaşma
dayanıqlı şəhər maliyyələşdirilməsinin əsas elementlərindən biri
hesab olunur”, – deyə o bildirib.
Qiymətləndiricilər Palatasının sədri vurğulayıb ki, inkişaf
etmiş ölkələrdə əmlak vergisi yerli büdcələrin gəlirlərinin
təxminən 19 faizini formalaşdırır və şəhər xidmətlərinin
maliyyələşdirilməsində mühüm rol oynayır. Onun sözlərinə görə,
Dünya Bankı qeyd edir ki, inkişaf etməkdə olan ölkələrdə əmlak
vergisinin potensialından hələ tam istifadə olunmur.
“Azərbaycanda əmlak vergitutması sistemi əsasən obyektin sahəsi
və harda yerləşməsi prinsipləri üzərində qurulub. İnzibati baxımdan
sadə olsa da, bu model hər zaman daşınmaz əmlakın bazar dəyərini
tam əks etdirmir ki, bu da müəyyən bərabərsizlik elementləri
yaradır”, – deyə N.İbrahimov əlavə edib.
O həmçinin bildirib ki, 44 günlük müharibədən sonra Azərbaycanın
işğaldan azad edilmiş ərazilərində “ağıllı şəhər” və “ağıllı kənd”
layihələri həyata keçirilir, 2026-cı il isə ölkədə “Şəhərsalma və
Memarlıq İli” elan olunub.
Qeyd edək ki, bu gün Bakıda BMT-nin Məskunlaşma Proqramı
(UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə
keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13)
beşinci günü keçirilir.
Forumun bugünkü proqramı mənzil siyasəti, şəhərlərin
böhranlardan sonrakı bərpası, maliyyələşdirmə mexanizmləri,
urbanizasiya, gənclərin şəhər inkişafında iştirakı, dayanıqlı
turizm və vətəndaş cəmiyyətinin rolu kimi mövzulara həsr
olunub.
Beşinci gün çərçivəsində “Böhranların bərpası və
yenidənqurulmasının mərkəzində mənzil”, “Mənzil maliyyələşdirilməsi
üçün yeni razılaşma”, “Akademiya”, “Uşaqlar və gənclər”, “Kiçik ada
inkişaf etməkdə olan dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi
iqtisadiyyat və dayanıqlı turizm”, “Afrika Əlçatan Mənzil Kompaktı
– İnvestorlar üçün xüsusi sessiya”, “Peşəkarlar”, “Vətəndaş
cəmiyyəti” və yekun sessiya üzrə dialoqlar, dəyirmi masalar və
xüsusi sessiyalar keçiriləcək.
Sessiyalarda mənzilə çıxış imkanlarının genişləndirilməsi,
şəhərlərin böhran və münaqişələrdən sonra bərpası, dayanıqlı
maliyyə alətlərinin tətbiqi, gənclərin qərarqəbuletmə proseslərinə
cəlb olunması, həmçinin iqlim dəyişikliyi şəraitində şəhərlərin
dayanıqlığının artırılması məsələləri müzakirə ediləcək.
WUF13-ün dördüncü günü urbanizasiya, iqlim dəyişiklikləri,
inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə
mövzularına həsr olunmuş geniş tədbirlər proqramı ilə yadda qalıb.
Həmin gün “Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların
transformasiyası”, “İqlim və mənzil əlaqəsi”, “Şəhərlərdən səslər:
SPECA Şəhərlər Forumu”, “Azərbaycanın mənzil təcrübəsi”, “Şəhərlər
oyun meydanı kimi”, “Mədəni irsin yenidən düşünülməsi və inklüziv
şəhər regenerasiyası”, “Təmiz hava”, “Əlilliyi olan şəxslər”,
“Parlamentarilər”, “Tullantıların idarə olunmasının dairəvi
iqtisadiyyata uyğun inkişafı” və “Şəhər iqlim irsinin inkişafı”
mövzularında sessiyalar təşkil olunub.
Dördüncü gün çərçivəsində keçirilən BMT-nin Mərkəzi Asiya
Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı (SPECA) Şəhərlər
Forumunda mühüm hadisələrdən biri də Almatı şəhərinin “SPECA İqlimə
Dayanıqlı Ağıllı Şəhərlər Forumunun yaradılması ilə bağlı Niyyət
Bəyannaməsi”nə rəsmi şəkildə qoşulmasının elan edilməsi olub. Bu
addım SPECA regionunda iqlimə davamlı və innovativ şəhər inkişafı
sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli
hadisə kimi qiymətləndirilib.
Forumun üçüncü günü qlobal mənzil böhranı, təhlükəsiz və
inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni
intellekt və şəhər idarəçiliyi, “yaşıl” urbanizasiya, sosial
bərabərlik və dayanıqlı nəqliyyat mövzularında müzakirələrlə yadda
qalıb. Həmin gün Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon
şəhəri arasında qardaşlaşma haqqında memorandum imzalanıb. Sənədi
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi
nümayəndəsi Aydın Kərimov və Trabzon Böyükşəhər Bələdiyyəsinin
sədri Ahmet Metin Genç imzalayıblar.
Forumun ilk iki günündə isə Yeni Şəhər Gündəliyinə həsr olunmuş
nazirlər toplantısı, Liderlər Sammiti, qadınlar və vətəndaş
cəmiyyəti assambleyaları, biznes sessiyaları, şəhər rifahı və
qlobal mənzil böhranı ilə bağlı yüksək səviyyəli müzakirələr
keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin
pavilyonunun açılışı baş tutub və bu platforma Latın Amerikası
regionu ilə əməkdaşlığın genişləndirilməsi və növbəti forumlara
hazırlıq baxımından mühüm addım kimi dəyərləndirilib.
182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi
WUF13 mayın 22-dək davam edəcək. “Hamı üçün mənzil: təhlükəsiz və
dayanıqlı şəhərlər və yaşayış məntəqələri” mövzusuna həsr olunmuş
forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş
cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər
inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət
edir.

