
Bakı.Trend:
Kubanın sabiq rəhbəri Raul Kastroya qarşı ABŞ-da 1996-cı ildə
iki Amerika təyyarəsinin vurulması işi üzrə irəli sürülən
ittihamlar ona ölüm hökmü və ya ömürlük həbs cəzası təhlükəsi
yaradır.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə
Nazirliyinin bəyanatında deyilir.
“Sübut olunduğu təqdirdə, təqsirləndirilən şəxsləri ABŞ
vətəndaşlarının qətli və onların qətlə yetirilməsi məqsədilə
sui-qəsd ittihamları üzrə maksimum cəza – ölüm hökmü və ya ömürlük
həbs gözləyir”, – deyə sənəddə bildirilir.
ABŞ Ədliyyə Nazirliyinin versiyasına görə, Kuba agentləri ada
dövlətindən olan miqrantların yaratdığı “Hermanos al Rescate”
(Xilas naminə qardaşlar) təşkilatına sızaraq onun uçuş planları
barədə məlumatları Kuba hakimiyyətinə ötürüblər. Ehtimal edilir ki,
həmin məlumatlardan 1996-cı il fevralın 24-də təyyarələrin məhv
edilməsi əməliyyatının planlaşdırılması zamanı istifadə olunub.
Həmin gün “Hermanos al Rescate” təşkilatına məxsus üç təyyarə
Cənubi Floridadan Kuba istiqamətində havaya qalxıb. Onlardan ikisi
beynəlxalq sular üzərində Kuba Hərbi Hava Qüvvələrinin qırıcıları
tərəfindən vurulub. Təyyarələrdə olan dörd nəfər həlak olub,
onlardan üçü ABŞ vətəndaşı idi.
Həmin dövrdə Raul Kastro Kuba İnqilabi Silahlı Qüvvələrinin
naziri olub, O, bu vəzifəni 1959–2008-ci illərdə tutub, daha sonra
isə 2018-ci ilədək ada dövlətinə rəhbərlik edib.

