Şəhərsalmada su ehtiyatları məsələlərinə xüsusi diqqət yetirilməlidir – Türkmənistan nümayəndəsi

Baş səhifə

Bakı. Trend:

Türkmənistan Prezidenti yanında Arkadağ Şəhərinin Tikintisi üzrə
Dövlət Komitəsinin nümayəndəsi Dilfuza Şiriyeva Bakıda keçirilən
Ümumdünya Şəhərlər Forumu (WUF13) çərçivəsində beynəlxalq
platformadakı iştirak təcrübəsini bölüşüb və müasir şəhərsalmanın
əsas prioritetlərindən danışıb.

Trend xəbər
verir ki, Dilfuza Şiriyeva qeyd edib ki, forumda iştirak onun üçün
ilk belə təcrübədir və tədbirin Bakıda təşkilatçılığını yüksək
qiymətləndirib. O, ölkələrin geniş təmsilçiliyini, eləcə də
qeyri-rəsmi və peşəkar atmosferdə açıq fikir mübadiləsi aparmaq
imkanını xüsusi vurğulayıb.

“Burada çox sayda ölkə, o cümlədən bəlkə də adlarını o qədər də
tez-tez eşitmədiyimiz ölkələr təmsil olunur. Bu, təcrübə mübadiləsi
üçün vacib bir platformadır”, – deyə o bildirib.

O, yaxın 10 il ərzində şəhər modernləşdirilməsinin prioritetləri
barədə danışarkən ekoloji təmizlik və təhlükəsizliyi əsas
istiqamətlər kimi fərqləndirib. Onun sözlərinə görə, su ehtiyatları
və onlardan səmərəli istifadə edilməsi məsələlərinə xüsusi diqqət
yetirilməlidir.




O, Türkmənistanda tətbiq olunan təcrübələri, o cümlədən yaşıl
sahələrin suvarılması üçün yağış sularının toplanması və təkrar
istifadəsi sistemlərini nümunə gətirib.

“Arkadağ şəhəri layihəsindən danışarkən vurğulamaq istərdim ki,
bu, Türkmənistanda sıfırdan salınmış ilk “ağıllı şəhərdir”. Bu da
təmizləyici qurğulardan tutmuş elektrobuslar və ekotaksilər də
daxil olmaqla ekoloji nəqliyyata qədər müasir ekoloji və
infrastruktur həllərinin tətbiqinə imkan yaradıb”, – deyə Dilfuza
Şiriyeva qeyd edib.

O, ölkələr arasında peşəkar böyümə və təcrübə mübadiləsi
baxımından əhəmiyyətini vurğulayaraq, bu cür beynəlxalq forumlarda
fəal iştirak etməyə çağırıb.

Qeyd edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və
Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində mayın 17-dən 22-dək
Bakıda keçirilir. WUF13-də 41-i milli olmaqla 121 pavilyon təmsil
olunur, həmçinin 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan
keçib. Forum “Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və
yaşayış məntəqələri” mövzusuna həsr olunub və qlobal mənzil
böhranı, dayanıqlı urbanizasiya, şəhərlərin dözümlülüyü, iqlim
dəyişikliyinin şəhərlərə təsiri və müasir şəhər idarəçiliyi kimi
vacib məsələləri əhatə edir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir