
Bakı. Trend:
21 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri
Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT Baş katibinin müavini
Əminə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan
ilə BMT arasında əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf
perspektivləri müzakirə olunub.
Tərəflər çoxtərəfli əməkdaşlıq, Dayanıqlı İnkişaf Məqsədlərinin
icrası, iqlim fəaliyyəti, eləcə də postmünaqişə dövründə bərpa və
yenidənqurma istiqamətində həyata keçirilən təşəbbüslər ətrafında
fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov Azərbaycanın beynəlxalq sülh,
təhlükəsizlik və dayanıqlı inkişaf gündəliyinə verdiyi töhfələri
qeyd edib, ölkəmizin regional əməkdaşlıq və bağlantı layihələrinin
təşviqində oynadığı rolu vurğulayıb.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə aparılan
genişmiqyaslı bərpa və quruculuq işləri, məcburi köçkünlərin
təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin olunması
istiqamətində görülən tədbirlər barədə məlumat verilib.
Tərəflər həmçinin ölkəmizin enerji təhlükəsizliyi və regional
bağlantılar sahəsində aparıcı rolu, ölkəmizin Mərkəzi Asiya ilə
strateji əlaqələri barədə müzakirə aparıblar.
BMT Baş katibinin müavini Əminə Məhəmməd Azərbaycan ilə BMT
arasında tərəfdaşlığın əhəmiyyətini vurğulayaraq, dayanıqlı
inkişaf, şəhərsalma, iqlim gündəliyi və humanitar məsələlər üzrə
əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər regional və
beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

